Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödənişi sisteminin tətbiqi barədə danışıqlar aparılır. Lakin bu yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, bu cür texnoloji yeniliklərə ayrılacaq vəsait əvəzinə, qatar sayının artırılması və müəyyən sosial kateqoriyalara – tələbələrə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiqi daha məqsədəuyğundur.
Bəs həqiqətən də bizə üz tanıma sistemi lazımdırmı? Bakı metrosunda prioritet hansı tədbirlər olmalıdır? Bu sistemin beynəlxalq təcrübəsi nə deyir, oxşar texnologiyalar digər ölkələrdə uğurlu nəticə veribmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu cür texnologiyaların tətbiqi əslində çox müsbət yanaşmadır.
Onun sözlərinə görə, qatar və vaqonların alınması prosesi də plan üzrə davam edir:
“Burada ciddi bir ləngimə yoxdur. İşlər planlı şəkildə gedir və artıq müəyyən irəliləyişlər də var. Yeni vaqonlar, qatarlar alınır. Hətta gələcəkdə Azərbaycanda qatar və vaqon istehsal edən zavodun tikintisi ilə bağlı da müzakirələr aparılır. Bu həm Bakı Metropoliteninin, həm də dəmir yollarının fəaliyyətini xeyli asanlaşdıracaq. Beləliklə, texniki təmir, ehtiyat hissələrinin əldə edilməsi və yeni vaqonların alınması prosesi sürətlənəcək. Bu kontekstdə üz tanıma sistemi də gündəmdədir. Əslində bunu klassik “üz tanıma texnologiyası” kimi qəbul etməyə də ehtiyac yoxdur. Bu, sadəcə olaraq ödənişin yeni formasıdır. Xüsusi terminallar vasitəsilə həyata keçirilən həmin sistem artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatda tətbiq olunur”.
Müsahibimiz yaxın zamanda Portuqaliyada belə bir sistemlə qarşılaşdığını vurğulayıb:
“Hava limanında gördüyüm texnologiya sərnişinlərin keçidini xeyli asanlaşdırırdı. Artıq biletin kağız formasında təqdim olunmasına, əməkdaşın onu əl ilə yoxlamasına ehtiyac yoxdur. Terminallar üz tanıma sistemi ilə sərnişini tanıyır, sistem məlumatları qəbul edir və keçid dərhal baş tutur. Nəticədə nə növbə olur, nə də vaxt itkisi. Həm də orada hansısa bir işçinin oturub həm söhbət, həm də iş görməsi kimi vəziyyətlər aradan qalxır. Düzünü desəm, bu tip yeniliklərdə bir az nostalji hiss də var. Çünki bəzən bu texnologiyalarla bərabər insan resursları da azalır, iş yerləri itir. Amma səmərəlilik baxımından yanaşdıqda zəruri saymaq olar”.
E.Muradlı deyib ki, bu, heç də çox bahalı bir texnologiya deyil:
“Ola bilər ki, bir qatarın qiymətinə bütün metro sisteminə uyğun üz tanıma ödəniş sistemini qurmaq mümkün olsun. Belə texnologiyaları qəbul etmək lazımdır. Çünki bu, faydalı və gələcəyə yönəlik bir addımdır. Gələcək planlar arasında məsafəyə görə ödəniş sistemi də var. Yəni siz iki dayanacaq gedirsinizsə, yalnız o iki dayanacağa görə ödəniş edəcəksiniz. Beş dayanacaq gedən isə daha çox pul ödəyəcək. Bu, dəyişən qiymət rejimi olacaq və daha ədalətli bir modeldir. Hazırda, məsələn, biri “Sahil”dən minib “28 May”da düşür deyə 50 qəpik ödəyir. Digəri isə “İçərişəhər”dən minib, iki dəfə qatar dəyişir, “Avtovağzal” stansiyana qədər gedir, yenə eyni məbləği ödəyir. Bu, ədalətli deyil. Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər”.
Elməddin Muradlı onu da əlavə edib ki, gələcəkdə güzəştli istifadə imkanları da nəzərdə tutulur:
“Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və s. üçün endirimli tariflər tətbiq olunacaq. Eyni zamanda, aylıq və ya illik abunə sistemi ilə bilet alan sərnişinlər üçün də daha sərfəli qiymətlər təklif ediləcək. Bütün bunlar ümumilikdə müsbət yanaşmalardır. Bu dəyişikliklərin effektini tezliklə görəcəyik”.