Bu gün səhər saat 7 radələrində metronun “İçərişəhər” stansiyasında qatarların birinin hərəkətində texniki nasazlıq yaranıb.
KONKRET.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, bu gün səhər saat 07:00 radələrində metronun “İçərişəhər” stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb:
“Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində, yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub. Təəssüf ki, bu, ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.
Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.