“Metropark”ın kanalizasiya sularında “boğulanlar” – FOTObackend

“Metropark”ın kanalizasiya sularında “boğulanlar” – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 39, 40, 42 saylı binalarda yaşayan sakinlərin kanalizasiya problemi bir neçə ildir ki, öz həllini tapa bilmir. Baxmayaraq ki, sözügedən ünvanlarda yaşayan sakinlərin şikayət etmədiyi dövlət qurumu, döymədikləri qapı qalmayıb.

Məsələ ondadır ki, bu binaların zirzəmiləri tez-tez kanalizasiya suları ilə dolur, bəzən hətta bu çirkab suları zirzəmilərdən də çıxaraq binaların həyətlərinə, yollara axır. Bu problem isə təxminən 7 il əvvəl bu binaların yaxınlığında “Metropark” əyləncə və ticarət mərkəzinin tikilməsindən sonra ortaya çıxıb. Belə ki, bu ticarət mərkəzi istifadəyə verilərkən onun kanalizasiya xətti yaxınlıqdakı yaşayış binalarının kanalizasiya xəttinə birləşdirilib. Lakin 50-dən artıq yaşı olan bu xəttlər əlavə yükü götürə bilməyib. Bu səbəbdən kanalizasiya tez-tez tutulduğundan çirkab sular yolları, binaların zirzəmilərini və həyətləri basır. Yəni minlərlə insanın həyatı təhlükə altında qalır. Ən dəhşətlisi isə odur ki, kanalizasiya sularının basdığı binalardan birinin birinci mərtəbəsində Nərimanov rayonu 37 saylı Körpələr Evi-Uşaq Baxçası yerləşir.

Sakinlər deyir ki, illərdir şikayət etmədikləri instansiya qalmayıb. Dəfələrlə şəxsən“Azərsu” prezidenti Qorxmaz Hüseynovun adına məktub yazıblar. Lakin bütün bu şikayətlərin heç bir nəticəsi yoxdur. Hər dəfə “Azərsu”nun işçiləri gəlib tutulan xəttləri açıb gedirlər, lakin 2-3 gündən sonra yenidən hər tərəfi çirkab suları basır. Birinci mərtəbələrdə yaşayan sakinlər məcburiyyətdən zirzəmilərə dolan çirkab suları nasoslarla küçəyə vururlar.

42 saylı binanın zirzəmisi

 

Bu vəziyyət isə “Metropark” ticarət mərkəzinin rəhbərliyini qətiyyən narahat etmir. Sakinlərin dediyinə görə, ticarət mərkəzinin Onur adlı türk idarəçisi onları heç dinləmək belə istəmir. “Gedin, hara istəyirsiniz şikayət edin”, – çox vaxt onun sakinlərə cavabı belə olur.

Ərazidə yaşayan sakinlər saytımız vasitəsilə bir daha əlaqədar qurumların rəhbərlərinə, xüsusən də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək, onların probleminə biganə qalmamağı, onu birdəfəlik həll etməyi xahiş edirlər. (“AzPolitika”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*