Uzun bir tarix, 35 illik məşəqqətli günlər… 1988-ci ilin fevralında başlayan erməni ekstremizmi az vaxt ərzində geniş vüsət aldı və milli münaqişəyə çevrildi.
Sovet İttifaqının qılıncının dalı-qabağı kəsən bir dövrdə ermənilərin “miatsum” şüarları, yüz illik erməni düşmənçiliyinin yenidən cücərməsinə səbəb oldu. Əllərinə düşən imkandan maksimum istifadə edib, etnik təmizləməyə başlayan ermənilər 250 min azərbaycanlını öz tarixi torpaqlarından deportasiya etdilər. Sonrakı tarix isə hər birinizin yadındadır. Havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan Qarabağ və ona bitişik rayonlarda minlərlə günahsız insanı məhz azərbaycanlı olduğuna görə qətlə yetirdilər. Yüz minlərlə vətəndaşımız öz yurd-yuvalarından didərgin salındı.
Artıq özlərindən qəhrəman obrazı yaradan ermənilər Azərbaycanın 20 % torpaqlarına nəzarəti ələ keçirmişdilər. İkili standartlar məngəsində çabalayan dünya birliyi isə daim Ermənistanın maraqlarını qorumaq üçün müxtəlif variantlar üzərində baş sındırırdı. Xristian təəssübkeşliyi dünya birliyini Ermənistanın həyata keçirdiyi cinayətlərə göz yummağa vadar edirdi. Nəticədə BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu isə Qarabağda status-kvonu qoruyub-saxlamaq üçün əlindən gələni etdi. İşğalı qanuniləşdirmək üçün hər cür çirkin oyunlara gedən bu qurum ermənidən çox erməni mövqeyində dayandı. Qarabağa geniş status istəyən həmin dövlətlər ermənilərin vəkili rolunda çıxış edirdi. BMT-nin çıxardığı 4 qətnamə isə yada da düşmürdü.
Nəhayət 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan bütün suallara aydınlıq gətirdi. BMT-nin qətnamələri yerinə yetirildi. Azərbaycan öz ərazilərini azad etdi və Ermənistan kapitulyasiya aktına imza atdı. Ərazilərimizin böyük hissəsini düşməndən azad etsək də, Qarabağda separatizmin kökü tam kəsilmədi. Qondarma rejimə rəhbərlik edən separatçılar müxtəlif bəyanatlar verərək guya Qarabağda yeni erməni dövlətinin mövcudluğunu deyirdilər. Üçtərəfli bəyanatın 4-cü bəndinə əməl etməyən Ermənistan Qarabağ ərazisindən qanunsuz silahlı dəstələri çıxartmadı və bununla separatizmi yenidən alovlandırdı. Qondarma rejim isə son üç ildə erməni sevdalı dövlətlərdən hərbi və siyasi yardım almaqda davam edirdi. Ötən il dekabrın 12-də ekofəalların təşəbbüsü ilə Şuşa-Xankəndi yolundakı aksiya yeni mərhələnin başlanğıcı oldu. Nəticədə aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsi yaradıldı və Ermənistandan Qarabağa sərbəst hərəkət məhdudlaşdırıldı. Həmişə olduğu kimi, ermənilər yenə öz çirkin niyyətlərini həyata keçirmək üçün “humanitar fəlakət” şousunu ortaya atdılar. Nəticə isə artıq bəllidir.
Cəmi bir günlük antiterror tədbirlərini uğurla həyata keçirən Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini darmadağın etdi və məcbur qalan quldur dəstəsi ağ bayraq qaldırdı. Erməni silahlılarının təslim olmasından cəmi bir həftə sonra isə Qarabağdakı qanunsuz qurum özünü buraxdığını elan etdi.
Bununla da Azərbaycan ərazisindəki quldur yuvasına rəsmən ləğv olundu. Bir neçə gündür kütləvi köç edən ermənilər onları Qarabağdakı bəzi qüvvələrin zorla çıxardığını bildirir. Məqsəd aydındır. Qarabağ əhalisinin Ermənistana köçməsindən sonra Azərbaycanı etnik təmizləmədə günahlandırmaq planları hər kəsə bəllidir. Amma onların bu siyasəti də bir nəticə verməyəcək.
Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlara təhlükəsizlik təminatı verir və onlar ölkəmizin ərazisində digər milli azlıqlar kimi dinc, firəvan yaşayacaqlar. Erməni məkri isə tamam başqa istiqamətdə boy verir. Qarabağın erməni əhalisindən yenə vasitə kimi istifadə edib, onların dinc yaşamasına mane olmağa çalışırlar. 35 ildir quldurların əlindən zinhara gələn sadə erməninin isə canı boğazına yığılıb və “bu erməni millət dəyil”, – deməklə içindəki ağrı-acını ifadə edir.
Erməninin millət kimi hələ tam formalaşmaması, onların toplum olaraq mövcudluğu, qonşu xalqlarla yanaşı, öz xalqına da qənim kəsilməsinə səbəb faşist ideologiyasının daşıyıcıları olmalarıdır. Azərbaycan ərazisində isə faşist düşərgələri, şər yuvaları birdəfəlik tarixin yaddaşına verildi. Beləliklə, 35 illik filimin sonunda qələbə Azərbaycanın oldu.
Vəli Həsənov,
KONKRET.az