Millət vəkili: Karantin davam edirsə, mütləq 190 manat yardımlar verilməlidirbackend

Millət vəkili: Karantin davam edirsə, mütləq 190 manat yardımlar verilməlidir

Ölkədə pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstəyi məqsədilə iyul ayında 190 manat məbləğində birdəfəlik ödəmə verilmədi.

Xüsusi və sərtləşdirilmiş karantin rejimləri davam etdiyi halda bəs görəsən nə dəyişdi ki, heç bir gəliri olmayan insanlar son ümid yeri sayılan dövlətin bu yardımından da məhrum edildilər.

NOCOMMENT.az sözügedən məsələ ilə bağlı Milli Məslicin deputatı Fazil Mustafa ilə olan müsahibəni təqdim edir:

Fazil Mustafa

– Fazil müəllim, məlum olduğu kimi, pandemiya dönəmində iş yerlərindən və gəlirlərindən məhrum olan ailələrə 190 manat birdəfəlik müavinətin verilməsi aprel-may-iyun ayları davam etsə də, iyul ayında dayandırıldı. Bu zərurət haradan yarandı və bunun dayandırılması ilə bağlı atılan addım nə qədər əsaslandırılmış idi?

– Sözügedən müavinətin bu təbəqədən olan insanlara verilməsi zəruru idi. Hesab edirəm ki, vətəndaşların iş yerləri bağlanmışdısa və hərəkətləri ilə bağlı məhdudiyyətlər qüvvədə idisə, bu vəsait verilməli idi. Yəni vətəndaşı evdə saxlayırıqsa, mütləq təminatı həll olunmalıdır və biz də bunu ilk gündən səsləndirmişik.

Fikrimcə, bu, yanlış bir qərardır və bir daha gözdən keçirilməlidir. Hətta artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında bu təbəqədən olan 600-dən artıq vətəndaşın qeydiyyatı da aparılmışdır. Bu siyahı mövcuddur və insanlara da bank kartları aidiyyəti banklar tərəfindən paylanmışdır. Yəni iyul ayı üçün bu yardımların verilməsində elə bir çətinliklər ortaya çıxmayacaq. Bu baxımdan vəsaitin verilməməsini yanlış addım hesab edirəm.

Təbii ki, bu vəsait az olsa da, vətəndaşın bir qisim zəruri təlabatını ödəməyə bəs edəcəkdi. Bu istiqamətdə hökumət pandemiya dönəmində təkcə xəstəliklə mübarizə deyil, vətəndaşın müəyyən dərəcədə təminatını da nəzarət altına götürməlidir. İşləməyən və evinə çörək pulu apara bilməyən vətəndaş nə etməlidir?

O zaman iş yerlərinin hamısını açıq saxlamalıyıq. Bu gün toyların dayandırılması həmin şadlıq sarayında və o istiqamətdə çalışan xeyli sayda insanların gündəlik gəlirlərinin əllərindən çıxmasına səbəb olur. Bu hal digər sahələrdə, o cümlədən restoran və kafelərdə də eyni qaydadadır. Bir restoran və ya kafenin işləməməsi yüzlərlə, minlərlə insanın gündəlik taleyini həll edir. Bu səbəblərdən də iyul ayında 190 manat məsələsi mütləq həll olunmalı idi. Bunun başqa bir açıqlamasını məntiqli görmürəm və hər bir halda ciddi yanlışlığa yol verilib.

– Artıq avqust ayının ilk günləridir. İyul ayı üçün 190 manat birdəfəlik müavinətin verilməsi istiqamətində hər hansı işlər aparılırmı?

– Karantin başlayanda bu yardımların verilməsini tələb etmişəm və bunun vətəndaşa verilməsinin zəruri olduğunu bildirmişəm. Bir neçə şərtlər var ki, vətəndaş üçün bunları etmək vacibdir. Bu məsələdə ciddi bir yanlışlığa yol verilib. Hesab edirəm bu məsələ üzərində yenidən müzakirələr aparılmalı və əgər karantin rejimi davam edirsə, mütləq bu vəsait də verilməlidir.

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçib bu vəsaiti alan insanların bazası var. Hətta hesab edirəm qeydiyyatdan keçən bu sayın üstündə belə xeyli vətəndaşa bu müavinət verilməlidir. Çünki həyat şəraiti aşağı olan xeyli sayda insanlar var.

Əsas məqsədimiz təqdim olunan statistikanı gözardına etmək deyil, əsas məqsəd ac vətəndaşların qalmamasıdır. Təbii ki, 190 manat onun dərdinə dərman deyil, amma ən azından gündəlik nəqliyyat, çörək, tibbi spirt və tibbi maska almaq üçün ehtiyacını ödəməlidir.

– Birdəfəlik müavinətlərin yalnız büdcədən maliyyələşməsi nə qədər doğrudur. Digər alternativ maliyyə və təminat fondları ilə bağlı nə kimi təklifləriniz var?

– Bu məsələ doğru təşkil edilsəydi, təkcə büdcə vəsaiti hesabına deyil, koronavirus fonduna müəyyən əlavə vəsaitlər toplamaqla da həll etmiş olardıq.

Pandemiya dönəmində ilk mərhələdə vətəndaşlara bir neçə mənbələrdən müxtəlif ərzaq və digər yardımlar edildi və bu çox intensiv xarakter daşıdı. Lakin ikinci mərhələdə bu məsələ nədənsə unuduldu. Bu isə yol verilməzdir. Dövlət öz vətəndaşını ayaqda tutmalıdır, vətəndaşın sağlamlığı bizim üçün önəmlidir.

Söhbət xəstələnəndən sonra müalicə etməkdən getmir. Dövlət xəstələnmiş insanlar üçün kifayət qədər işlər görür, vəsait xərcləyir, modul xəstəxanalar salır və sairə. Bunlar hamısı xəstələnmiş insanlar üçündür. Bəs sağlam insanlar üçün hansı işlər görülməlidir? Bu insanların da xəstələnməməsi üçün minimum ehtiyacları təmin etməliyik.

– Pandemiya ilə mübarizədə effektivliyi artırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi kifayət qədər öz işinin öhdəsindən gəldimi?

– Əslində bu və ya digər nazirliklər mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməlidilər. Bu işdə Azərbaycanda qardaş və qonşu Türkiyədən fərqli cəhət Bələdiyyə qurumlarının olmaması, ölü vəziyyətdə olaraq fəaliyyətsizliyidir. Bu yükün təkcə nazirliyin büdcə hesabına ödənilməsi mümkün deyil. Vətəndaşın evdə körpəsi, əlili, xəstəsi var ki, bunların da bir sıra müayinə və müalicə problemləri var. Eyni zamanda bu insanların daşınma, nəqliyyat və ildə bir dəfə müalicə alma məsələləri var. Bir nazirlik olaraq bütün bu problemləri həll edə bilməyəcək.

Fərqli bir yanaşmalar düşünülməli və bələdiyyə qurumlarını canlandırmalıyıq. Elə etmək lazımdır ki, bələdiyyə qurumlarının büdcəsində pul olsun və bu kimi sosial layihələrdə aktiv iştirak etsin.

Təsəvvür edin ki, bələdiyyə zəngin bir qurum olduqda sosial layihələrin xeyli hissəsini yerli səviyyədə nazirlikdən daha effektiv həyata keçirə bilər. Çünki, ərazi üzrə hansı ərazidə, hansı döngədə, hansı küncdə və ya hansı gecəqonduda kimin və necə yaşadığını daha yaxşı biləcək.

Gecəqondularda yaşayan insanların böyük əksəriyyətinin mərkəzləşdirilmiş qaydada qeydiyyatı yoxdur. Orada yaşayanlar da bu ölkənin vətəndaşıdır. Bunların da oğlu-qızı var. Sabah bu vətəndaşın övladı məktəbdə təhsil alacaq, əsgər gedəcək. Biz bu vətəndaşların qeydiyyatının olmaması səbəbindən kənara qoya bilmərik. Ona görə də, təcrübə bizə göstərdi ki, biz vətəndaşın maraqlarını düşünəcək mexanizimləri hazrlamalı və canlandırmalıyıq.

Bu səbəbdən də bələdiyyə qurumu bizim üçün həyatı əhəmiyyət daşıyan bir quruma çevrilir və onun icra hakimiyyətlərindən asılı olmayan müstəqil fəaliyyətini stimullaşdırmalıyıq.

Hikmət Hacıyev

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev pandemiyadan xüsusilə əziyyət çəkmiş vergi ödəyiciləri və sahibkarlıq subyektlərinə dəstəklərin verilməsinin həmçinin də muzdlu işçilərin əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətində olan səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, iyulun 10-na olan məlumata əsasən, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub.

Bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

REDAKSİYADAN: Ölkə başçısı İlham Əliyev pandemiyadan zərər çəkən, özündən asılı olmayan səbələrdən iş yerlərini itirən, gəlirindən məhrum olan hər bir vətəndaş sosial qayğı ilə əhatə olunmalı və daim üzərində dövlətin diqqətini hiss etməldir deyə bildirib. Bəs görəsən, insanların evlərə təhkim olunduğu və gündəlik gəlirindən məhrum edildiyi bir dönəmdə onların son ümid yeri sayılan birdəfəlik müavinətlərin və yardımların dayandırılması hansı məqsəd daşıyır və hansı qurumun özfəaliyyətidir?
Bəs bu, SABOTAJ deyilmi? 

NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*