Milli Elmlər Akademiyası və institutları ləğv edilir? – AÇIQLAMAbackend

Milli Elmlər Akademiyası və institutları ləğv edilir? - AÇIQLAMA

Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasının ləğv edilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Ümumiyyətlə, Milli Elmlər Akademiyası ləğv edilərək başqa bir quruma çevrilə bilərmi?

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran deputat Ramil Həsən bildirib ki, Milli Elmlər Akademiyası alimlərin, elm sahəsində araşdırma aparan insanların bir yerə toplaşdığı məkan kimi sovet dövründə, yəni 1940-cı illərdə yaradılıb:

“Avropa və Türkiyədə Milli Elmlər Akademiyası kimi xüsusi təşkilat fəaliyyət göstərmir.  ABŞ-da və Avropada universitetlərin bazalarında fəaliyyət göstərən, ciddi araşdırmalar aparan Elmi Araşdırmalar İnstitutu var. Milli Elmlər Akademiyası sovet dövründə qurulan strukturdur. Mən birbaşa təhsil sahəsi ilə məşğul olmasam da, Avropada, Amerikada, eyni zamanda Türkiyədə olan təhsil sistemilə tanış olmaq imkanım olub. Ona görə də qeyd edə bilərəm ki, Milli Elmlər Akademiyasının bu gün həyata keçirdiyi prosesi dövlətin dəstək verib, sahib çıxdığı universitetlərin bazalarında yaradılacaq böyük Elmi Araşdırma İnstitutları həyata keçirə bilər. Bu, gələcək üçün təklif olunan layihə ola bilər”.

Ramil Həsən fikrini belə tamamlayıb:

“Nəticə etibarı ilə bu da Azərbaycanda elmin inkişafı ilə bağlı müasir innovativ texnologiyalardan, eyni  zamanda dövrümüzün rəqəmsal imkanlarından daha geniş istifadə olunmasına və institutlar arasında sağlam, güclü rəqabətin formalaşmasına təkan verə bilər. Təsəvvür edin ki, Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutlar bir-biri ilə necə rəqabət apara bilər. Çünki onlar bir çətirin altındadır. Amma universitetlərin nəzdində profillərə uyğun daha güclü və dayanıqlı elmi bazalar şəklində formalaşdırıb, böyük dəstək verilərsə, alimlərimizin və elmimizin inkişafında daha böyük xidmətləri olar. İnsanların o təhsil müəssisələrində rahat işləmələri üçün geniş şərait yaradıla bilər. Bundan əlavə onların maddi və mənəvi imkanları daha zəngin olmaqla yanaşı sağlam rəqabətin təməli qoyula bilər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*