Dövlət Dumasının beynəlxalq işlər komitəsinin üzvü Vitali Milonov bu vaxtadək Madonnanı, Ledi Qaqanı, mitinqləri və miqrantları təhqir edən deputat kimi tanınıb. Belə bir şəxsin azərbaycanlılar haqqında hədyanlar danışması əslində təəccüblü deyil. Təəccüblü olan Milonovun təmsil olunduğu “Vahid Rusiya” partiyasının və Dövlət Dumasının bu məsələyə səssiz qalmasıdır.
“… Milonov tərəfindən atılan təxribat xarakterli bu addım Azərbaycanla Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir”.
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından götürülüb. Diplomatlarla razılaşmamaq çətindir. Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki vasitəçiliyi və Rusiyadakı sülhməramlıların Qarabağdakı səyləri kontekstində hakim partiyanın təmsilçisindən belə açıqlamalar eşitmək çox qəribədir. Bu axmaqlıq deyil, tam olaraq siyasi məqsədlər üçün atılmış bir addımdır. Erməni telekanallarından birinin proqramında çıxış edən Milonov Rusiyanın strateji tərəfdaşı olan Azərbaycan haqqında yanlış açıqlamalar verdi. Daha sonra Milonov “Azərbaycanı nəzərdə tutmadığını” söyləyərək özünə bəraət qazandırmağa çalışdı.
- Xatırladaq ki, bir vaxtlar Milonov Sankt-Peterbuq merinin birinci müavini olarkən bir sıra absurd təşəbbüslər və yanlış qərarlar səbəbiylə mədəniyyət xadimləri və çoxsaylı seçiciləri onun istefasını tələb etmişdi. Qəribədir ki, belə bir adam hansı yollasa Duma tribunasına giriş əldə etdi.
Məsuliyyətsiz bir siyasətçinin açıqlamalarını təkzib etmək və onunla polemikaya girmək onun fikirlərinə ciddi yanaşmaq qədər absurddur. Buna baxmayaraq, Rusiyanın qanunverici orqanının nümayəndəsinə bir daha Dağlıq Qarabağın dünyanın bütün dövlətləri tərəfindən Azərbaycan ərazisi kimi tanıdığını xatırlatmaq yerinə düşərdi. Yada salaq ki, 20-ci əsrin əvvəllərində İrəvan vilayətində ondan çox məscidin olduğu halda, bu gün Ermənistanda yalnız biri (bax: Göy Məscid – Ermənistanda qalan İslam mədəniyyətinin yeganə abidəsi) qaldı. İşğal zamanı bir milyon azərbaycanlı yurdlarından qovuldu. Azərbaycanlıların tərk etdikləri yaşayış məntəqələrində etnik təmizləmədən sonra bu torpaqlar vəhşi talana məruz qaldı. Bundan sonra işğalçılar məscidlərdə tövlələr qurdular, evləri və meşələri və minalanmış əraziləri yandırdılar. İnsanlığa qarşı cinayətlər törətdilər. Xüsusilə, Xocalıdakı soyqırımdan, mədəni irsin məhv edilməsindən sonra ermənilər haqqında yaxşı nəsə deməyə adamın dili gəlmir.
Əlbəttə ki, bu gün Dövlət Dumasının rəhbərliyi ekstravaqant deputatın açıqlamalarını sadəcə rədd etməyə meyllidir. Amma buna baxmayaraq Rusiya parlamentinin aşağı palatasının sədrindən bu cür bəyanatların qiymətləndirilməsini eşitmək istərdik.
“Vestnik Kavkaza” nəşri, 31 yanvar 2021.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az