Ötən gün Xocavənddə minaya düşərək şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev bu gün doğulduğu Qax rayonunda torpağa tapşırılıb.
KONKRET.az-ın məlumatına görə, Şuşa şəhərinin işğaldan azad olunmasında iştirak edən şəhid baş-leytenantın əvvəlcə doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Daha sonra isə şəhidimiz Qax Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. 27 sentyabrdan başlayan Vətən müharibəsində sonadək vuruşub. O, əsasən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 27 yaşlı Asəf Ağayev dünən minaya düşərək şəhid olub. O, Bakıda keçirilən Zəfər paradının da iştirakçısı olmuşdu.