Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilərbackend

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərinin iştirakı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş “Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın perspektivləri” mövzusunda konfrans keçirilib.

Görüşdə Belarus Jurnalistlər İttifaqının sədri, deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, Belarusun ən yüksək tirajlı qəzetlərindən olan “Veçerniy Minsk” qəzetinin baş redaktoru Yuliya Denişik, “Belarus 24” televiziyasının baş direktorunun müavini Dmitri Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, Belarusun ən məşhur bloqerlərindən olan Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı, ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov çıxış ediblər.

Konfransda Belarus və Azərbaycanın gənc jurnalist və bloqerləri üçün press-turların təşkili, multimedia məzmununun mübadiləsi, ortaq layihələr müzakirə edilib.

Hacıbəy Heydərli çıxışında qeyd edib ki, Azərbaycan və Belarus arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir:

“Hər iki dost ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və Belarus beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəkləyən ölkələrdir. Bu münasibətlərin media sahəsində də çox böyük potensialı var. Belarus Jurnalistlər İttifaqı ilə bərabər biz iki ölkənin jurnalistləri və bloqerləri arasında münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyik. Eyni zamanda, dezinformasiya və saxta xəbərlərə qarşı da birgə mübarizə aparacağıq”.

KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı hər iki ölkənin media sahəsində əməkdaşlıq perspektivlərindən danışıb:

“Bu gün media dünyada çox böyük gücdür. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktuallaşır. Hesab edirəm ki, hər iki ölkənin gəncləri bu görüş çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar”.

Belarus Jurnalistlər İttifaqının sədri Andrey Krivoşeyev çıxışında bildirib ki, növbəti mərhələdə birgə media məktəbləri, bloqer layihələri və press-turlar baş tutacaq.

Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev qeyd edib ki, Azərbaycanla tələbə mübadiləsində maraqlıdırlar:

“Bizim akademik mübadilələrdə iştirak etmək, yəni tələbələrimizi təcrübə keçmək üçün Azərbaycana göndərmək imkanlarımız var. Eyni zamanda, azərbaycanlı tələbə-jurnalistlərlə ortaq layihələr də həyata keçirə bilərik. Biz, həmçinin professor-müəllim heyətinin mübadiləsində də maraqlıyıq”.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*