“Xalq artisti Miri Yusifə zəng vurdum. Onu yarım saatlıq məclisə dəvət etmək istəyirdilər. Məndən məclisin keçiriləcəyi obyektin ünvanını soruşdu. Dedim ki, nə fərqi var?”
O isə cavabında mənə dedi: “Fərqi çoxdur. Onun qonşuluğunda olan obyektə biz getmirik. Yarım saata 6500 manata gedirəm”.
KONKRET.AZ xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində məşhur meyxanaçı Samirə Yusifqızı deyib.
O, Miri Yusifi təkəbbürlü olmaqda ittiham edib: “Miri Yusif dedi ki, biz aşağı səviyyəli restoranlara getmirik. Heç kim heç kimdən nə aşağı, nə də ki yuxarı deyil. Hərə öz sahəsinin mütəxəssisidir. Bəlkə də bu verilişdə iştirak edən qardaş aşpazımıza elə aşpazlar var, həsəd aparırlar. İndi o deməlidir ki, mən məşhur aşpazam, Rövşanə xanımın verilişində olmuşam, gedib hansısa müəssisə və ya idarədə işləməyəcəyəm? Bu, doğru deyil. Sadəcə olaraq bizim incəsənətimizdə insanları aşağı, orta və yuxarı kateqoriyalara bölüblər. Mən heç kimdən qorxmuram və çəkinmirəm. Sözü üzə deyənəm. Bu, qudurğanlıqdır. Müğənniyə 15-20 min pul verməkdənsə, 3-5 min verib bir kasıbın əlindən tutmaq olmazmı? Həmin o 15 min alan müğənnilər hansı yetimə əl tutublar?”
Samirənin sözləri sosial şəbəkədə geniş müzakirə olunub. Onu haqlı sayanlar qədər Miri Yusifə də dəstək olanlar çox olub.
Xalq artisti Miri Yusif isə şəxsi “İnstagram” hesabında ad çəkmədən qarşı tərəfə cavab verib: “İtlər hürür… Karvanım isə üzü “Crystal Hall”a gedir”. (Musavat.com)