Ədalətli Rusiya Partiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.
Bunu sözügedən partiyanın lideri Sergey Mironov deyib.
Maraqlıdır, bu, beynəlxalq hüquqa zidd hesab oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Rizvan Hüseynov bildirib ki, məsələ beynəlxalq hüquqa deyil, yerli qanunvericiliyə aiddir:
“Rusiyada və digər ölkələrdə yerli qanunvericilik beynəlxalq hüquqdan üstün elan olunub. Burada əsas problem Mironov kimi başı boş siyasətçilərin Rusiya dövlətini uçuruma aparmasıdır. Rusiyanın ən zəif nöqtəsi milli zəmində qarşıdurma riskidir. Bu ölkənin böyük dövlət kimi mövcud olmasının yeganə şansı milli və dini zəminlərdə sülh və əmin-amanlığın qorunmasıdır. Mironov kimi siyasətçilər isə bu həssas məsələyə zərbə vururlar”.
Politoloq qeyd edib ki, Rusiya çoxmillətli və çoxkonfessiyalı dövlətdir və bu cür qadağalar daxili sabitliyə ciddi zərbə vuracaq:
“Mironov kimilər gecə-gündüz ABŞ-ı, Böyük Britaniyanı Rusiyaya təhdid kimi təqdim edirlər, amma əslində Rusiyaya ən böyük zərbəni özləri vururlar. Ya bu adamlar dedikləri ölkələrə işləyirlər, ya da sadəcə, düşüncədən uzaqdırlar və anlamırlar ki, bu cür təşəbbüslər ölkənin daxili sabitliyinə təhdid yaradır”.
Müşviq Tofiqoğlu
KONKRET.az