Misir Böyük Efiopiya İntibah Su Anbarı ilə bağlı danışıqların uğursuzluğunu elan edib.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Misirin Su Ehtiyatları və Su Təsərrüfatı Nazirliyi bununla bağlı bəyanat verib.
“Misir beynəlxalq nizamnamə və razılaşmalara uyğun olaraq öz sularını və milli təhlükəsizliyini qorumaq hüququnu özündə saxlayır”.
Efiopiya Xarici İşlər Nazirliyi, Misirin danışıqlarda Efiopiyanın mövqelərini yalnış təqdim etdiyini bildirib və əlavə edib ki, Misirin müstəmləkəçilik dövründəki zehniyyəti yaxınlaşma səylərinə maneələr yaradıb. Misir prezidenti Əbdülfəttah əs-Sisi və Efiopiyanın baş naziri Abiy Əhməd iyul ayında mübahisəli bəndlə bağlı razılaşmanı dörd ay ərzində başa çatdırmaq niyyətində olduqlarını bildiriblər. Misir çoxdan asılı olduğu Nildən su təchizatı ilə bağlı narahatlıqlarına görə layihəyə qarşı çıxıb. Digər aşağı axın ölkəsi Sudan öz su sistemlərinin və bəndlərinin tənzimlənməsi və təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. İqtisadi inkişaf hüququndan istifadə etdiyini deyən Efiopiya, sentyabr ayında Mavi Nil bəndində böyük bir hidroelektrik bənd üçün su anbarının doldurulmasının son mərhələsini tamamlandığını bəyan edib.
Misir hökumətinin bəyanatında daha sonra deyilir: “Görüş Efiopiyanın texniki və ya hüquqi kompromis həllini qəbul etməkdən imtina səbəbindən uğursuzluğa düçar olub”. Efiopiya isə Misirin güzəştə getmək istəmədiyini bildirib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Efiopiya üç ölkənin maraqlarına cavab verən danışıqlar və sülh yolu ilə nizamlanmaya sadiqdir, danışıqların bərpasını səbirsizliklə gözləyir”.
Vəli Həsənov,
KONKRET.az