“İran Ukrayna kimi liderinin ABŞ-la danışıqlarda alçaldıldığını görməyə hazır deyil”.
KONKRET.az xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tehran açıq şəkildə bəyan edib ki, Vaşinqtonla danışıqlar hörmətsiz şəkildə aparılacaqsa, bu niyyət baş tutmayacaq.
ABŞ-ın “maksimum təzyiq” siyasəti İran üçün problemlər yaradıb. Lakin İran xalqı Kiyevin Vaşinqtonla danışıqları zamanı Ukraynanın yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyil. Danışıqlar yaxşı niyyətdir. Ancaq bu, normal şərtlər daxilində həyata keçirilməlidir”, – Mohacerani vurğulayıb.
Xatırladaq ki, daha öncə Donald Tramp administrasiyası “maksimum təzyiq” siyasətinə qayıtmaq strategiyasının bir hissəsi kimi neft brokerlərinə və İranın neft tədarükü ilə əlaqəli gəmilərinə qarşı sanksiyaların yeni mərhələsini elan edib. Bu arada parlamentdə çıxış edən İran prezidenti Məsud Pezeşkian nüvə sazişi və sanksiyalarla bağlı Vaşinqtonla danışıqları bərpa etmək niyyətində olduğunu açıqlayıb, lakin bu təşəbbüsün Ali Rəhbər Əli Xamenei tərəfindən qarşısı alınıb. Xamenei bildirib ki, ABŞ-la danışıqlar ağlabatan deyil və İranın heç bir problemini həll etməyəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az