Ermənistan ətrafında yaranan qalmaqal davam edir. Qərbin regiona daxil olmasını həzm edə bilməyən Rusiya Ermənistandakı varlığını itirmək niyyətində deyil. Buna baxmayaraq rəsmi İrəvanın siyasəti Rusiyanı bölgədən sıxışdırmağa hesablanıb. Ermənistan ərazisində ABŞ hərbçilərinin təlimi, düşmən ölkəyə hərbi yardım, Fransa və Hindistandan Ermənistana daşınan silahlar, Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirdiyi kəşfiyyat qrupu və digər amillər Rusiyanı əməlli başlı qıcıqlandırıb. Eyni zamanda son vaxtlar baş nazir Nikol Paşinyanın bəyanatları da Rusiyanın səbrini daşdırıb. Rusiya sərhədçilərinin “Zvartnos” hava limanından uzaqlaşdırılması, daha sonra İranla sərhəddən çıxarılması haqqında İrəvanın mövqeyi Moskvanın qırmızı xətti hesab olunmalıdr. Buna görə də Rusiya Xarici Kəşfiyyat Xidməti bəyanatla çıxış edib. Bəyanatda deyilir: “ABŞ hökuməti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının stimullaşdırılması üzrə işləri sürətləndirib. ABŞ Ermənistanda Moldova variantına nail olmaq istəyir. Bununla Vaşinqton İrəvanı çıxılmaz vəziyyətə salır və bu Ermənistanın intiharı deməkdir”.
Təhdid dolu bəyanat həm də Ermənistana barmaq silkələməkdir. İrəvan da dinc dayanmır və siyasi kursunu davam etdirir. İddia olunur ki, Dövlət departamentinə bağlı strukturlar Ermənistan nümayəndələri üçün təlim kurslarını genişləndirməklə məşğuldur. Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatdında qeyd olunur ki, təlimlərdə anti-Rusiya tezisləri səslənir. Eyni zamanda təlimlərdə Fransa və ABŞ-nin kəşfiyyat qrupları da ermənilər arasında “təlim” keçir və Ermənistana getməyə hazırlaşır. Bütün bunlar Ermənistanda ictimai-siyasi proseslərə təsir etmək və anti-Rusiya təbliğatını genişləndirməyə xidmət edir”.
Ermənistan mətbuatı yazır ki, bu bəyanatdan əvvəl Rusiya nümayəndə heyəti Ermənistanda olub və hökumət orqanlarına bəzi təşkilatların xaricdən aldıqları vəsaitlər barədə məlumat verilib. Təklif edilib ki, Ermənistan Gürcüstandan nümunə götürərək, “Xarici agentlər haqqında” qanun qəbul etməlidir. Əks halda Rusiyanın Qafqazda öz təsirini sərt tədbirlərlə bərpa edəcəyi istisna edilmir.
Bu, Rusiyanın Ermənistana sərt mesajıdır və bununla rəsmi Moskva bəyan edir ki, Rusiya Ermənistandan asanlıqla çıxan deyil. Əslində bir dövlət kimi Rusiyanın proyekti olan Ermənistanın Qərb yönümlü siyasəti onların sonu deməkdir. Ən azı ortada Gürcüstan modeli var və ermənilər qonşularından dərs almalıdırlar. Anlamalıdırlar ki, onları 200 il əvvəl Cənubi Qafqaza yerləşdirən Rusiya Ermənistan adlandırdığı əraziləri heç kimə verməyəcək.
Vəli Həsənoğlu,
KONKRET.az