Xəbər verdiyimiz kimi, Monqolustan mənşəli qoyun əti ilə bağlı narazılıq yaranıb.
KONKRET.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, vətəndaş sosial şəbəkədə görüntülər paylaşaraq bişirdiyi ətin köpüklü və qanlı olduğunu göstərib.
Ətin keyfiyyətsiz olduğunu söyləyən şəxs, belə məhsulların satışına icazə verilməməsini istəyib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.
Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Qeyd olunub ki, məhsul idxal edilməmişdən öncə ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilərək nəzərə alınır.
Bildirilib ki, ötən illərdə olduğu kimi cari ildə də xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçilir:
“AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, məhsulun dövriyyəyə buraxılmasına icazə verilir”.
Agentliyin məlumatında yüksək riskli məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə ciddi şəkildə riayət edilməli olduğu nəzərə çatdırılıb:
“İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər. Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat verilə bilər”.
