Rusiyanın məşhur Lenta.ru saytında yayımlanan və Azərbaycan-Rusiya münasibətlərinə həsr edilən videoçarxda Cənubi Azərbaycanın bayrağının yer alması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Məsələ ictimaiyyət tərəfindən təxribatçı addım kimi qiymətləndirilib və ölkəmizə qarşı hörmətsizlik kimi dəyərləndirilib.
Qeyd edək ki, həmin videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda yerləşdirilib. Zatulin çıxışında Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin olmadığını bildirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Cənubi Azərbaycan bayrağının videoçarxda yer alması texniki səhv yox, məqsədli və simvolik bir addım kimi qiymətləndirilməlidir:
Züriyyə Qarayeva
“Bu görüntü sadəcə texniki yanlışlıq deyil. Çünki videoçarxın yayımlandığı kontekst, yəni Zatulinin mənfi və aqressiv fikirləri fonunda təqdim olunması, vizual elementin siyasi mesaj daşıdığını göstərir. Cənubi Azərbaycan bayrağı Azərbaycanın rəsmi dövlət atributu deyil və onun belə bir materialda göstərilməsi simvolik anlam daşıyır”.
Politoloqun fikrincə, bu addım Moskvanın Azərbaycana dolayısı ilə xəbərdarlıq etməsi, eyni zamanda daxili etnik məsələləri gündəmə gətirməklə təzyiq vasitəsi formalaşdırmaq cəhdi ola bilər:
“Rusiya son illər informasiya və yumşaq güc vasitələrindən geniş istifadə edir. Cənubi Azərbaycan məsələsini vizual şəkildə qabartmaq həm Bakı-Tehran münasibətlərində ziddiyyətləri vurğulamaq, həm də Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıya bilər”.
Z.Qarayeva əlavə edib ki, bu cür hallarda Azərbaycan dövləti diplomatik və informasiya kanalları vasitəsilə prinsipial və konkret mövqe ortaya qoymalıdır:
“Səssiz qalmaq gələcəkdə daha ciddi simvolik və siyasi pozuntuların baş verməsinə zəmin yarada bilər. Rəsmi açıqlamalarla yanaşı, ictimai-siyasi çevrələrin və media orqanlarının da bu cür məsələlərdə vahid və ardıcıl mövqe nümayiş etdirməsi vacibdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az