Moskvadan Bakıya xəbərdarlıq siqnalı: Azərbaycanın həssas olduğu Şuşa ətrafında təzyiq yaradırbackend

Moskvadan Bakıya xəbərdarlıq siqnalı: Azərbaycanın həssas olduğu Şuşa ətrafında təzyiq yaradır

Əgər Qarabağda atəşkəs pozuntuları Rusiya komandanlığının bilgisi və iradəsi daxilində baş verirsə, burada 2 ehtimal ağıla gəlir:

1. Bölgədə mövcud olan qanunsuz silahlı dəstələrin və Ermənistan ordusunun sülhməramlı əməliyyata, ümumən sülh quruculuğuna mane olması rəyini yaradıb, bu problemi aktuallaşdıraraq birincilərin tərksilahına, Ermənistan hərbçilərinin isə ölkələrinə göndərilmələrinə zəmin hazırlanır, bu barədə Azərbaycan və Rusiya arasında razılaşma var;

2. Birinci ehtimalın əksinə, Rusiyanın Azərbaycandan hansısa gözləntiləri var və Moskva Azərbaycan dövlətinin və xalqının ən həssas olduğu Şuşa istiqamətində təzyiq yaradaraq Bakıya xəbərdarlıq siqnalı göndərir.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib. O bildirib ki, bu ehtimalı da tam istisna etmək olmaz ki, atəş Rusiya sülhməramlılarının bilgisi, iradəsi xaricində baş verir və məqsədyönlü provokasiya deyil, siyasi mahiyyət daşımayan sıradan hadisələrdir: “Maraqlı məqamlardan biri də budur ki, atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz hər hansı açıqlama ilə çıxış etmir. Atəşkəs pozuntularına  hansı tərəfin yol verdiyi Mərkəzdə qeydə alınırmı? Yəqin ki, alınır. Buna qarşı hansısa tədbir görülürmü? Bilmirik. Açıqlama verilməməsi oradakı Rusiya və Türkiyə təmsilçiləri arasında bu barədə konsensus olmaması ilə izah edilə bilər. Çünki Rusiya Müdafiə Nazirliyinin açıqlamasında pozucunun ünvanı göstərilmir, “Şuşa şəhərindən şimal-qərbdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atəş” qeydə alındığı deyilir. Yeri gəlmişkən, bu açıqlama ilə Rusiya Qarabağda Ermənistan ordu birliklərinin mövcud olduğunu rəsmən qeyd edir. Əgər yuxarıda yazdığım 1-ci versiya reallaşırsa, problem yoxdur. Yox, əgər 2-ci və bizim ehtimal etmədiyimiz başqa xoşagəlməz mətləblər varsa, onda narahat olmağa dəyər. Aydındır ki, Ermənistan ordusunun Azərbaycan ərazisində mövcudluğu tam qanunsuzdur, bunu heç söyləməyə ehtiyac yoxdur”.

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”

Şahin Cəfərli 10 noyabr Bəyanatının 1-ci maddəsini də xatırladıb: “10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.” Bu maddə açıq şəkildə deyir ki, Ermənistan (ordusu) Dağlıq Qarabağda tutduğu mövqelərdə qalacaq. 4-cü maddədə isə yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.” Rus dövlət ağlı bu sənədə hər ehtimala qarşı həm gec partlayan minalar, həm də istənilən tərəfə yozmaq, şərh etmək mümkün olan ziddiyyətli, ikimənalı cümlələr yerləşdirib. Sərhəddəki gərginliklərə gəldikdə isə bunu Azərbaycan dövlətinin güc mövqeyindən siyasət aparması və qarşı tərəfi basqı altında saxlayaraq ona öz şərtlərini diktə etməyə çalışması kimi izah edərdim”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*