ATƏT-in Minsk Qrupu həmsədrləri səfərə gəlmədən öncə yenə Madrid və Kazan prinsiplərindən danışırdılar. Köhnə, mənasız, Azərbaycan əsgərinin darmadağın etdiyi formulları (5+2) yenidən masaya gətirmək, sanki yeni reallığı və hərbi qələbəni görmək istəmirdilər. Amma mən ATƏT-lə münasibətlərin çox aşağı salınmasının, əhalidə bu quruma nifrət və rişxənd hissinin yaradılmasının qəti əleyhinəyəm.
KONKRET.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
“Birincisi, biz ATƏT kimi institutdan doğru istifadə etməyi öyrənməliyik. İlk olaraq onlara təklif etmək lazımdır ki, yeni reallığı nəzərə alıb yeni təkliflər hazırlasınlar. Əgər həmin təkliflər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində icmalararası münasibətlərin bərpasına, münaqişənin bütün nəticələrinin, o cümlədən 1988-ci ildə Ermənistan ərazisindən vəhşicəsinə deportasiya edilmiş 256 min azərbaycanlının hüquqlarının bərpasına xidmət edəcəksə, dolayısıyla, Qarabağda olan erməni əsilli azərbaycanlıların nə hüququ olacaqsa, bunun eynisinin Ermənistanda azərbaycanlılar üçün təsis olunmasını ehtiva edəcəksə, onları dəstəkləməliyik.
İkincisi, Rusiya öz sülhməramlılarını regiona gətirməklə Minsk Qrupuna ehtiyacın olmadığını göstərdi. Yəni bu gün ATƏT formatının tam sıradan çıxmasında məhz Kreml daha çox maraqlıdır. Çünki Avropa təsisatlarının məsələdə yenidən aktiv rol olması onların planlarına mane ola bilər. Ona görə də ATƏT-lə yeni münasibətlər formatı təsis etməklə biz Rusiyanın ərazimizdə çox əl-qol açmasına maneələr yarada bilərik. Başqa sözlə, ATƏT-ə biz indi həm də Rusiyanın təkbaşına moderator olmasına mane olacaq institut kimi baxmalıyıq. Kremlin təkbaşına moderatorluğu bizə yaxşı heç nə vəd etmir.
Biz bölgədə yeni reallıq yarada bildik, artıq biz mütləq böyük düşünüb, böyük oynamağa borcluyuq. Bu yolda ən vacib elementlərdən biri tarazlığı qurmaq, böyük oyunçuların qaçılmaz maraq toqquşmalarından ustalıqla istifadə etməkdir”, – N.Cəfərli bildirib.