Vergi Məcəlləsinə son dəyişikliklərdən biri tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, vergi güzəştlərinin tətbiqi qiymətlərin ucuzlaşmasına ciddi təsir etməyəcək:
“Açığı, mövcud praktika göstərir ki, mümkün vergi güzəştlərinin tətbiq olunmasının faktiki olaraq, iş və xidmətlərin dəyərinə o qədər də təsir etmir. Məncə, bu faktor ümumən qiymətlərin azalmasına gətirib çıxarmayacaq. Mövcud vəziyyəti təhlil edərkən, ortaya çıxan qənaət budur ki, bazar sırf iqtisadi proseslərdən asılı olarsa, qiymət azalması baş verə bilər. Çünki tələb azalıb, müraciətlərin sayı əvvəlki kimi deyil”.
Ekspert qeyd edib ki, bu tendensiya həyət evləri üçün də keçərlidir:
“Tələb-təklif strukturu üzrə qiymətə təsir göstərən müsbət amillərin hamısında azalmalar var. Belə olan təqdirdə qiymət də azalmalıdır. Təəssüf ki, bunu müşahidə edə bilmirik.
İndiki halda stabil bir bazar var və bəzi hallarda nisbi artımlar da müşahidə olunur. Bu tendensiya həyət evləri üçün də keçərlidir. Bütün bunları nəzərə aldıqda, tikinti şirkətlərinə tətbiq olunacaq vergi güzəştinin daşınmaz əmlak bazarında ucuzlaşma baxımından ciddi təsir edəcəyini düşünmürəm”.