backend

Müəllim olmaq istəyənlər prezidentə müraciət etməyə hazırlaşır

Məlum olduğu kimi, iyulun 8-dən etibarən “Müəllimlərin İşə Qəbul” (MİQ) imtahanlarına start verilib. İmtahandan bir neçə gün keçməsinə baxmayaraq, müəllim olmaq istəyənlərin narazılıq dalğası bütün sosial şəbəkələri bürüyüb.  İş o yerə çatıb ki, MİQ iştirakçıları dövlət başçısı İlham Əliyevə müraciət etmək qərarına gəliblər.

2011-ci ildən bəri keçirilən MİQ imtahanlarının ildən-ilə daha da çətinləşdirildiyini deyən namizədlər builki sualların daha qəliz və məntiqsiz tərtib edildiyini əsas gətirirlər. Namizədlərin sosial şəbəkələr üzərindən imtahanlar barədə sonsuz iradları arasında digər məqamlar da var. Ən böyük irad isə Dövlət İmtahan Mərkəzinin xətti ilə ali məktəb diplomları alanların nə üçün yenidən imtahan olunmaları ilə bağlıdır. İmtahanlarla bağlı şərhlərdə sovet dövrü ilə bugünkü təhsil sistemini müqayisə edən namizədlər ali məktəbi bitirənlərin vaxtilə təyinatla müəllim işlədiyini xatırladaraq indi müsabiqədə müəyyən bal yığmaqla rayonda yaşayanın şəhərlərdə, əksinə şəhərdə yaşayanların isə rayonlarda işlə təmin olunmalarını absurd hesab edirlər. Məsələn, Ləzgin Yusubov adlı sosial şəbəkə istifadəçisi vurğulayır ki,  “Mən özüm Oğuz rayon sakiniyəm, amma İsmayıllı rayonunda işləyirəm. Amma elə müəllimlər də var ki, İsmayıllıda yaşayırlar, gəlib Oğuzda müəllim işləyirlər. Bu, nə dərəcədə düzgün sistemdir?”.  

Fikirlərdə o da səsləndirilir ki, müəllim olmaq istəyənləri yenidən imtahan etməklə dövlət öz verdiyi təhsilə güvənsizlik nümayiş etdirir. Solmaz Quliyeva: “Dövlət verdiyi diploma güvənmirsə, universitetləri bağlasın”. Tərlan Əliyev:Belə çıxır ki, nazirlik öz diplomunu tanımır, yenidən imtahan edir”. Nərmin Hacıyeva: “Əgər bizi yenidən imtahan edib gic-gic suallarla əsəbimizi pozacaqlarsa, niyə imtahan verib universitet oxuyuruq. Elə yoldan keçənləri imtahan eləsinlər, bal yığanlar müəllim olsun”.

İmtahanda ixtisas fənnindən, məntiq və kurikulumdan suallar verildiyini xatırladaraq bildirək ki, bəzilərinin fikrincə, müəllimləri məntiqdən daha çox psixologiyadan imtahan etsələr, məqsədəuyğun olar. Digər tərəfdən humanitar fənn müəllimlərinin çətin riyazi məntiq sualları ilə imtahan olunmaları və ixtisası əla bildikləri halda bu suallar üzündən az bal toplamalarını ədalətsizlik hesab edirlər.

Ümumiyyətlə, işə qəbul prosesinin bu qədər qəlizləşməsinə etiraz edən namizədlər hər il sualların daha da çətinləşdirilməsi səbəbindən illərlə ödənişli hazırlıq kurslarına getməklə həm vaxt itirdiklərini, həm də xeyli vəsait xərcləməli olduqlarını təəssüflə bildirirlər. Hazırlıq müddətində konkret hansı vəsaitlə hazırlaşmalı olduqlarını bilməyən namizədlər müxtəlif ödənişli kurslar arasında qalaraq nəticədə imtahan vaxtı tanış olmayan suallarla rastlaşıb məyus olduqlarını dilə gətirirlər. Narazı namizədlər onu da bildirirlər ki, belə imtahanları keçirməkdənsə, ali təhsil müəssisələrində müəllimlik ixtisası üzrə yerlərin sayı azaldılsın və bu səbəbdən də ən yüksək bal toplayanlar müəllim adına layiq görülsün.

Bəzi namizədlər isə yüksək bal toplasalar da, şəhər mərkəzində işlə təmin oluna bilmədiklərindən gileylənirlər.  Ləman Rəhim adlı istifadəçi deyir ki: “Mən BDU–nun həm bakalavriat, həm də magistr səviyyəsini bitirmişəm. Heç bir kursa getmədən 51 balla Bakıya düşə bilmirəmsə, onda deməyin ki, Bakının keçid balı 48-dir. Bakının keçid balı 58-dir. Çünki bir-iki vakant yerə ancaq bir-iki nəfər yerləşə bilər”.

Qeyd edək ki, imtahanların bitməsinə hələ 10 gün vaxt qalıb və yəqin ki, iradlar bütün bunlarla yekunlaşmır. Ümid edək ki, imtahanlar bitəndən sonra Təhsil Nazirliyi bütün iradlara həssaslıqla yanaşacaq.

 

Sevinc Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*