Samux rayonunun Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi yeni tədris ilindən etibarən vahid geyim formasına keçib. Maraqlıdır, bu addım gələcəkdə bütün ölkə üzrə tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu təşəbbüs daha əvvəl Bakı şəhərinin bir neçə məktəbində də həyata keçirilib:
“Sabunçu rayonunda yerləşən məktəblərin birində həm müəllimlər, həm də şagirdlər üçün vahid forma sistemi tətbiq olunub. Hər bir məktəb bu məsələdə müstəqildir. Pedaqoji şuranın qərarı ilə vahid geyim formasına keçid mümkündür. Artıq bunun müsbət nəticələri də var”.
Ekspert qeyd edib ki, müəllimlərin vahid formada məktəbə gəlməsi şagirdlərin diqqətinin yayınmaması baxımından faydalıdır:
“Şəxsi həyatlarında müəllimlər azaddırlar, lakin məktəbdə vahid forma həm pedaqoji kollektiv, həm də şagirdlər üçün intizam və ciddiyyət yaradır. Bu, əlavə vaxt itkisini aradan qaldırır, həm də şagirdlər üçün yorucu olmur”.
Məmmədlinin sözlərinə görə, gələcəkdə bir çox məktəblər bu təcrübəyə könüllü şəkildə qoşula bilər.
Aynurə İsmayıl
KONKRET.az