Müflis olmuş banklardakı əmanətlər qaytarılacaqbackend

Müflis olmuş banklardakı əmanətlər qaytarılacaq

“Əmanətlərin Sığortlanması Fondu (ƏSF) Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan müflis banklarda 17000 manatadək qorunmayan (sığortalanmamış) əmanəti olan fiziki şəxslərin pulunun ilk növbədə qaytarılmasına icazə verilməsi üçün müraciət edib”.

Konkret.az – ın Modern.az-a istinadən məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

Ə.Həsənov deyib ki, ödəmə Fondun hesbaına həyata keçiriləcək:

“Məlum oduğu kimi, Fond həmin bankların birinci növbəli kreditorudur: yəni sığortalanmış əmanətlərin kompensasiyasına xərcədiyi pulu sözügedən bankların əmlakından ilk növbədə tutmaq (reqress qaydasında) hüququna malikdir. Beləliklə, hazırda ƏSF faktiki olaraq öz tələb hüququnu xırda əmanətçilərə (xüsusi vurğulayıram: qeyd edilən məbləğdən çox əmanəti olanlara aid deyil!) güzəşt edir.

Məndə olan məlumata görə ən iri müflis bank olan “Bank Standard”da bu təxmini 16000 nəfərdir. Ayrılan məbləğ isə hardasa 6 mln. manatdır. Orta hesabla bir əmanətçiyə təxmini 375 manat düşür. Yəni reallıqda əksər xırda əmanətçilərin qalan pulu 17000 manatdan qat-qat azdır.

Ən kiçik müflis banklardan biri olan “Atrabank”da isə sözügedən güzəştin əhatə dairəsinə heç 1000 nəfər düşmür”.

Ekspert qeyd edib ki, hər bir halda sözügedən güzəşt ölkə rəhbərliyinin sosial yönümlü humanist siyasətinin növbəti nümunələrindən biridir:

“Aydın məsələdir ki, illər boyu əmanətçilər və digər kreditorlarlarla hesablaşmayan ƏSF-in və himayəçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının öz təşəbbüsü deyil (indiyədək ƏSF israrla deyirdi ki, qanuna görə birinci növbəli kreditordur və pulunu birinci götürəcək, fərqli hərəkəti isə qanuna ziddir).

Bu güzəşt dövlət başçısının göstərişi əsasında icra edilir. Amma təəssüf ki, bəzi hallarda olduğu kimi, bu dəfə də göstərişi hüquqa idd şəkildə icra edirlər. Sadəcə savadları çatmır!”

O bildirib ki, məhkəmənin qərarı xoşməramlı olsa da, qanunsuzdur və sözügedən bankların Kreditorlar Komitəsi və hətta hər bir digər kreditoru tərəfindən mübahisələndirilə bilər (Ali Məhkəməyə kassasiya şikayəti verilməklə):

“Nəhayət, fəaliyyətdə olan banklar da bu qərara etiraz edə bilər. Çünki son nəticədə ƏSF-i maliyyələşdirən banklardır. Sabah ƏSF-in pulu yenə olmayanda (necə ki, 2016-cı ildə faktiki müflisləşmişdi), fəaliyyətdə olan banklardan əlavə haqq yığmalı olacaq.

Fondun sığorta ehtiyatları bankların üzvlük və təqvim haqları hesabına formalaşır, yəni əsasən özünümaliyyələşdirmə mexanizmlərinə əsaslanır. Bu baxımdan müflis bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi nəticəsində Fondun sığorta ehtiyatları azalır və bütövlükdə bank sisteminin əmanətçilərinin təminatı azalmaq təhlükəsi ilə üzləşir.

Məhz bu səbəbdən Fondun müflis banka qarşı reqres tələb hüquqları öhdəliklərinin ödənilməsi növbəliliyində ilk yeri tutur və bütövlükdə bank əmanətçilərinin mülkiyyət hüquqlarının toxunulmazlığına xidmət edir”.

Bəs görəsən indi necə oldu ki, ƏSF Məhkəmənin bu qərarına məhəl qoymur? Qoymursa, onda bütün fiziki şəxslərin pulunu məbləğ məhdudiyyəti qoymadan birinci növbədə qaytarsın!

Göründüyü kimi, xoşməramlı olmaq azdır. Savadlı olmaq və qanuna uyğun hərəkət etmək lazımdır. Həm Palatanın, həm də ƏSF-in savadsızlığı və qanunsuz əməlləri dəfələrlə müzakirə predmeti olub. Odur ki, təəccüblü deyil. Belə yaxşı işi də normal görə bilmədilər.

Bu baxımdan sözügedən bankların kreditorları, xüsusilə Kreditorlar Komitələri qəbul edilmiş qərarın icrasını ciddi nəzarətdə saxlamalıdır. Savadsız və qanunsuz işləməyə alışmış kəslərdən hər şey gözləmək olar.

Bir də gördünüz ki, müflis bankların pulunu talamağa başladılar ki, guya xırda əmanətçilərin pulunu qaytarırlar.

Buna görə də Kreditorlar Komitələri bütün kreditorların reyestrini tələb etməlidir ki, qərarın düzgün icrasına nəzarət edə bilsinlər (ƏSF indiyədək israrla kreditorlar reyestrini komitələrə verməkdən imtina edib! niyə? sui-istifadə üçün əl yeri qoyub?).

Yəni dəqiq görsünlər ki, vəsait həqiqətən bankda 17000 manatadək pulu qalan fiziki şəxsə ödənilir və kənar yerlərə xərclənmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*