Ötən gün dünyasını dəyişən müğənni Səyyad Əlizadə Füzuli rayonunun Babı kəndində dəfn olunub.
63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri qatılıb.
İddialara görə, müğənninin vida mərasimində sənət dostlarından yalnız Əməkdar artist Yusif Mustafayev iştirak edib.
KONKRET.az xəbər verir ki, yenisabah.az-a məsələ ilə bağlı açıqlama verən sənətçi bunun doğru olmadığını bildirib:
“Biz mərhumun sənət dostları olaraq axşam evinə getdik. Ora müğənnilərin çoxu gəlmişdi, Əlikram Bayramov, Əflatun Qubadov, Nadir Bayramlı, Eldəniz Məmmədov və başqa bir çox sənətçi Səyyadın evində idi. Bu gün səhər isə vida mərasimi idi, mən də orada idim. Səyyad bəylə çox yaxın dost olmuşuq. Vida mərasimində qohumları idi, mən də kənarda dayanmışdım. Məni kimsə çəkib və xəbərləri yayıblar ki, sənət dostlarından tək mən olmuşam, bu belə deyil. Məndən başqa müğənnilər də vida mərasiminə gəlmişdi. Şəklimi kim çəkibsə, xəbərim olmayıb”.
Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.