“Yaxın Şərqdə davam edən HƏMAS-İsrail müharibəsi yeni mərhələyə qədəm qoyub. Minlərlə insanın həlak olduğu qanlı qarşıdurmanın tezliklə başa çatması isə ehtimal olunmur”.
Bunu KONKRET.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. Ekspertin sözlərinə görə İsrailin quru əməliyyatlarına start verməsi müharibənin uzanacağına səbəb olacaq: “Müharibədən əvvəl HƏMAS tərəfi istəyirdi ki, İsrail ordusunu özünə çəksin. Həmas bilirdi ki, əlində olan qüvvələrlə İsrai ərazisinə daxil ola bilməyəcək və yaxud daxil olsa belə, İsrail ərazilərini əlində saxlaya bilməyəcək. Ona görə də əsas məqsəd İsrail ordusunu öz üzərlərinə çəkməkdir.
Bununla da orada onları tələyə salaraq israil əsgərlərini məhv etmək istəyirlər. Faktiki olaraq bu proses başlayıb. İsrail rəsmilərinin də bildirdiyi kimi, quru əməliyyatları son dərəcə çətin, ağır və gərgin keçir. Çünki HƏMAS həm tələlər, həm pusqular, həm də tunellər vasitəsi ilə İsrail ordusuna qarşı mübarizə aparır. Ümumiyyətlə, İsrail ordusunun şəhərə daxil olması çox çətindir.
Çünki şəhər döyüşlərində təkcə HƏMAS yox, əhali də İsrail ordusuna qarşı döyüşür. Burada qüvvələr nisbəti dəyişəcək. Bu isə İsrail tərəfinin çox ciddi itkilər verməsilə nəticələnəcək. Ümumi gedən proses onu göstərir ki, İsrail quru əməliyyatlarının davam etməsində qərarlıdır. İlk günlər məsələni qısa zamanda həll edəcəkləri barədə fərqli bəyanatlar verirdilər.
Artıq özləri də hissi edirlər ki, əməliyyatlar uzun çəkəcək. Çünki müqavimət son dərəcə güclüdür və bir səbəbi də HƏMAS-ın hazırlıqlı olmasıyla bağlıdır. İsrail quru əməliyyatlarını genişləndirdikcə HƏMAS, Hizbullah və Yəmən husiləri İsrailə raket zərbələri endirirlər. Dolayısı ilə münaqişə ən qanlı mərhələyə keçib”.
Hərbi ekspert bildirib ki, münaqişə uzandıqca region dövlətləri də bu prosesə qoşulacaq: “Türkiyənin çox aktiv diplomatik hərəkətliliyi müşahidə olunur. Ərəb ölkələri, Amerika, İran rəsmiləri ilə görüşlər olur. Türkiyə bildirdi ki, fələstinlilər Qəzzada yaşayacaq.
ABŞ Dövlət Departamenti də rəsmi olaraq fələstinliləırin Qəzzada qalmaları haqqında bəyanat verdi. Bu yöndə sanki bir anlaşma var. Ümimiyyətlə, Yəmən husilərinin İsrailə müharibə elan etməsi Amerikanı hərəkətə gətirib.
Çünki Amerika artıq görür ki, əgər Yəmən İsrailə müharibə elan edibsə, digər ərəb ölkələri də bunu edə bilər. Bunlar isə İsrail üçün heç də arzuolunan məsələ deyil. Ərəblər və ərəb dövlətlərinin orduları 60-cı,70-ci illərin orduları deyil. Bir neçə il əvvəl Hizbullahla İsrail arasında baş verən toqquşmadan sonra tərəflərin hər ikisi özünü qalib elan elədi. Həmin vaxt heç bir tərəf məğlub olmadı. O vaxtdan Hizbullah daha da böyüyüb. Raketlərinin sayı təxminən 50 mini keçib. Bu, o deməkdir ki, münaqişəyə başqa ölkələrin qoşulması regional müharibəyə gətirib çıxara bilər.
Müharibənin sonrakı mərhələsində region dövlətlərinin münaqişəyə qoşulması məsələsini şərh edən Səzavət Məmməd qeyd edib ki, İsrail quru əməliyyatlarına başlayandan sonra Fələstin dövlətinin yaranmasını istəyən ölkələr artıq prosesə qoşulmağa başlayıblar: “Bunların başında Türkiyə, İran, Rusiya durur. Çin də bu məsələdə müəyyən rol oynayır. Əslində, ərəb ölkələri də geri addım atmırlar. HƏMAS münaqişəni uzatmaqla, bu qədər müqavimət göstərməklə bir növ Fələstinin yanında olan ölkələri aktiv şəkildə hərəkətə gətirdi.
Həmin ölkələr bundan sonra daha da aktiv olacaqlar. Əgər münaqişə uzanarsa, bu prosesə bir neçə ölkənin də qoşulma ehtimalı son dərəcə yüksəkdir. Görünən odur ki, bir çox ölkələr BMT-nin məlum qətnaməsinin həyata keçirilməsinə çalışacaqlar. Nə qədər uğurlu olacağını isə zaman göstərəcək”.
Vəli Həsənov,
KONKREt.az