Murazi: “Özlərini eşşək yerinə qoyublar, sanki heç nə başa düşmürlər”backend

Murazi: "Özlərini eşşək yerinə qoyublar, sanki heç nə başa düşmürlər"

İyulun 30-da Ermənistan və Türkiyənin nizamlanma prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç Ermənistan-Türkiyə sərhədində görüşüblər. Məlumata görə, Rubinyan və Kılıç Axurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin fəaliyyətini təmin edəcək, həmçinin diplomatik/rəsmi pasport sahibləri üçün viza prosedurlarını qarşılıqlı asanlaşdırmaq barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, erməni analitik Boris Murazi vurğulayıb ki, rəsmi Ankara da prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə açıqlamalar verib. Türkiyə Xarici İşlər Nazirliyi də oxşar bəyanatla çıxış edib.

“İlk baxışdan belə görünür ki, Ermənistanın hazırkı hakimiyyəti Türkiyə ilə heç bir şərt qoymadan danışıqlara gedə bilib və erməni soyqırımı və ya digər milli-dövlət əhəmiyyətli məsələləri ticarət predmetinə çevirməyib, lakin bu, yalnız ilk baxışda belədir.

Rubinyan-Kılıç görüşündən bir gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib ki, bu da əslində Türkiyə tərəfi üçün ilkin şərtdir. Türkiyə Respublikası bu ölkə ilə Azərbaycan arasında münasibətlərin normallaşacağı təqdirdə qonşu Ermənistanla sərhədi aça bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib: “Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə işlər aparılır.

Əgər nizamlanma prosesi başa çatarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, – deyə türkiyəli nazir “Sabah” qəzetinə bildirib.

Türkiyənin irəli sürdüyü bu ilkin şərt də öz növbəsində Azərbaycan tərəfindən bir neçə ilkin şərtə çevrilir. Birinci və əsas məsələ azərbaycanlıların tələb etdiyi Ermənistan Konstitusiyasına dəyişiklikdir. Onların fikrincə, Müstəqillik Bəyannaməsinə istinad edən və burada Qarabağ və erməni soyqırımı məsələsini xatırladan preambula Ermənistan Konstitusiyasından kənarda qalmalıdır.

Türkiyə xarici işlər nazirinin bəyanatından bir neçə saat sonra Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov açıqlama verib. Sülh sazişinin imzalanmasının mümkün tarixlərindən danışan Əmirbəyov bildirib ki, vaxtın dəqiqləşdirilməsi yersizdir. “Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin bağlanması qarşısında qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada nəzərdə tutulan ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Bütün digər məsələlər mümkündür, lakin biz bu münaqişənin ekzistensial səbəbinə, daha doğrusu, Ermənistan Konstitusiyasının tələblərinə göz yumaraq, uzağa gedib sülh müqaviləsi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər tez yekun qərara gələcəyik”, – deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

Bu bəyanatlardan sonra Ermənistan Xarici İşlər Nazirliyi və ya Ruben Rubinyan onlara ictimaiyyət qarşısında yarım kəlmə belə cavab verməyib. Bunun iki mənası ola bilər: ya Ermənistan hakimiyyəti Türkiyə tərəfi ilə nə danışdıqlarını başa düşmür və açıq-aşkar ilkin şərtləri görmür, ya da özlərini məşhur uzunqulaqlı heyvanın yerinə qoyub, elə bil ki, guya heç nə başa düşmürlər”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*