Müşfiq Məmmədli: “Operativ Qərargah çatışmazlıqlar olsa da, bizi bir çox bəlalardan qorudu”backend

Müşfiq Məmmədli: "Operativ Qərargah çatışmazlıqlar olsa da, bizi bir çox bəlalardan qorudu"

Deputat Müşfiq Məmmədli KONKRET.az-ın suallarını cavablandırıb.

-Müşfiq bəy bilirsiniz ki, gündəlik yoluxmanın sayı 150-dən aşağı düşüb. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, ticarət mərkəzləri və digər iaşə obyektləri açıla bilərmi?

-Bilirsiniz ki, bu gün marketlər qaydalara əməl edərək fəaliyyətlərini davam edirlər. Qoyulan qaydalara əməl etməklə ticarət mərkəzləri və digər iaşə obyektləri də açıla bilər. Bunun üçün də qoyulan qaydalara riyaət etməyimiz vacibdir. Sosial məsafənin qorunması, maska taxmaq və əllərin dizenfeksiya əsas şərtlərdən olmalıdır. Alış-veriş mərkəzlərinin özündə satış mexanizminin yenilənməsi vacibdir. Biz bu qaydalara əməl etməsək, yumşalmalar olsa da, olmasa da problemlər yaşanacaq. Cənab prezidentin söylədiyi kimi nəzarət mexanizmləri qurulmalıdır. Bu nəzarət mexanizmlərinə əsasən də mərhələli şəkildə yumşalmalara təbii ki, getməliyik. Çünki iqtisadiyyatın çarxı daim dönməlidir. Ölkə iqtisadiyyatı inkişaf etməlidir. Pandemiya reallıqdır. Pandemiyanın nə zamana kimi davam edəcəyi bilinmir. Ehtimal var ki, bütün dünya üzrə 2 il ərzində koronavirus enmə və yüksəlmə tempi ilə davam edə bilər. Belə olan halda da biz mərhələli şəkildə yumşalmalara gedərək həm ölkəmizin iqtisadiyyatını dayanıqlı edərək insanlarımızın sağlamlığını qorumalıyıq. Bunların arasında seçim etməli olsaq biz sağlamlığı seçirik. Bu da onu göstərir ki, əgər yoluxanların sayı artarsa, yenidən məhdudiyyətlərə dönüş ola bilər. Ölkə rəhbərliyinin də mövqeyi budur.

İkinci məsələ isə bunun mexanizmlərin qurulmasıdır. Müxtəlif ölkələrdə bunun üçün müəyyən addımlar atılır. İlk olaraq cəmiyyətdə imunitet faiz nisbətini ölçmək. Bunun üçün də müayinə metodları var. Bu müayinə metodlarında istifadə edərək cəmiyyətin nə qədər üzvünün yoluxmasını müəyyən etmək olar. Bunun əsasında da karantin tədbirlərinin idarə olunması mexanizmini qurmaq olar.

-Bu gün koronavirus testləri çox baha olduğu insanlarımız analiz verməkdən imtina edirlər. Testlərin qiyməti ucuzlaşdırmaq olarmı?

-Biz hər addımın atılması üçün həm öz təkliflərimizi irəli sürməliyik, həm də dünya ölkələrin tədbiq etdiklərini analiz edərək ölkəmiz üçün istifadə etməliyik. Təcili tibbi yardıma və xəstəxanalara müraciət edənlərin, yoluxma şübhəsi olanların analizlərini pulsuz şəkildə götürərək müalicəsini həyata keçirir. İstək olaraq kimlərsə analiz vermək istəyənlər üçün də müyyən güzəştlər edilməlidir. Düşünürəm ki, analizlərin qiyməti endirilməlidir ki, hər kəs test verə bilsin. İkinci metod isə kart test metodları var. Artıq bir çox ölkələr bunu tətbiq edir. Almaniyada, Skandinaviya ölkələri və Rusiyanın bir hissəsində bu metoddan istifadə edilir. Bu daha ucuzdur. Müayinən birbaşa kart test vasitəsilə həyata keçirilməsidir. Yəni ekspress metodlar. Bu daha ucuz olsa da güvəniliyi aşağıdır. Əgər bu sistemdə şübhə yaranarsa, digər metodlardan da istifadə etmək olar. Ən azı proseslərin idarə olunması istiqamətində düşünürəm ki, kart test metodundan da istifadə etmık olar.

-Son günlər Operativ Qərargahın və TƏBİB-in fəaliyyəti tənqid olunur. Bir nüçə gün öncə 2 günün test nəticələri insanlara yalnış göndərilmişdi. Bu da müəyyən qədər insanlarda müəyyən inamsızlıq yaratdı.

-Hər bir prosesdə müsbət və mənfi çalarlar görə bilərik. Bir şey qəbul etməliyik ki, bu proses yenidir. Əldə hazır reseptlər yoxdur ki, onlardan istifadə edib, müsbət nəticələr əldə edə bilək. Təbii ki, yalnışlıqlar olarsa, növbəti addımlar daha ölçülüb, biçilməlidir. Bunun üçün də özümüzün tətbiq etdiyi metodlarla yanaşı qabaqcıl ölkələrin də istifadə etdiyi üsullardan da istifadə etməliyik. Gəlin etiraf edək ki, Operativ Qərargahın yaradılması və pandemiya ilə bağlı operativ addımların atılması bizi bir çox bəlalardan qorudu. Çatışmazlıqlar olsa da bu məsələlərin qaldırılaraq aradan qaldırılması üçün addımlar atılmalıdır.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*