Musiqiçilərin pulunu verməyən Elza Seyidcahan medianı da belə “yola verdi”backend

Musiqiçilərin pulunu verməyən Elza Seyidcahan medianı da belə "yola verdi"

Əməkdar artist Elza Seyidcahanın “Mahnılar və şeirlər” adlı solo konserti bir ay öncə baş tutsa da, ətrafındakı söz-söhbətlər səngimək bilmir. Belə ki, Seyidcahan təmtəraqlı konsertindən xoş xatirələrlə ayrılsa da, onu müşayiət edən musiqiçilərin qanı yamanca qaralıb. Buna səbəb isə tanınmış müğənninin musiqiçilərə ödəniş etməməsidir. Hər halda konsertdə müğənnini müşayiət edən kamança ifaçısı Elnur Salahovun səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir. Kamança ifaçısı Elza Seyidcahanın ödənişdən imtina etdiyini, üstəlik, onu təhqir edərək telefonu üzünə qapadığını bildirib. Bu haqda xəbərlər yerli mediada, eləcə də sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.

KONKRET.az olaraq məsələ ilə bağlı əməkdar artist Elza Seyidcahanla əlaqə saxlayaraq yaşananlara münasibət bildirməsini xahiş etdik. Lakin ekstravaqant müğənni özünəməxsus tərzdə sualdan yayındı: “Siz mənim konsertimə gəlmişdiniz? Konsertim haqqında yazı yazmısız? Mən konsertimlə bağlı sizə məlumatlar göndərərəm, yazarsınız. Konsertimizdən ətraflı yazın, sonra sizin sualınıza cavab verərik”.

Göründüyü kimi, öz aləmində olan Elza xanım suallarımızdan yayınmaq üçün bizi mədəni şəkildə “yola verdi”. Bir sözlə, konsertində tər tökən musiqiçilərin pulunu nə vaxt verəcəyi haqda dəqiq bir söz demədi. Bizimsə belə yerdə konsertində 6 geyim dəyişən, hətta konfet kağızına bürünən Elza xanıma deyəcək yalnız bir sözümüz var. “Musiqilərimlə xalqıma xidmət edirəm” deyib özünüzə haqq qazandırmaqdansa, yaxşı olardı ki, ayağınızı yorğanınıza görə uzadaydınız. Bir də unutmayın ki, işlədib pulunu vermədiyiniz musiqiçilər də elə bu xalqın nümayəndəsidir. Və ilk növbədə onları razı salmaq həm sənətkar, həm də insanlıq borcunuzdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*