Müştərilərin NƏZƏRİNƏ: Bu halda banklar bankomatlardan imtina edəcəkbackend

Müştərilərin NƏZƏRİNƏ: Bu halda banklar bankomatlardan imtina edəcək

Azərbaycanda bəzi bankomatların qarşısında uzun növbələrin yaranması və gələcəkdə bu cihazların ləğv edilərək tamamilə mobil bankçılığa keçid məsələsi gündəmdədir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, əsasən pensiya və əmək haqqı ödənişlərinin həyata keçirildiyi bankomatların qarşısında növbələr müşahidə olunur:

Hüquqşünas Əkrəm Həsənov bank və vətəndaş münasibətlərindən danışıb

“Adətən o bankomatların qarşısında növbə var ki, orada pensiya və əmək haqqı alırlar. Bu da ən böyük banklarımızın bankomatlarıdır. Digər bankomatlarda ciddi növbə görməmişəm. Əvvəllər hamı pul çıxarmağa gedirdi, amma indi vətəndaşların əksəriyyəti ödənişləri nağdsız edir. Çünki ƏDV-nin daha çox hissəsini geri qaytarmaq üçün kartla alış-veriş üstünlük qazandırır.”

Ekspert qeyd edib ki, bankomatların tətbiqi bankların üzərindəki yükü azaltmaq məqsədi daşıyıb:

“Əvvəllər bankların kassirlərinin sayı çox idi, çünki hər kəs pulu yalnız kassadan çıxarırdı. Bankomatların tətbiqindən sonra isə bu yük azaldı və bankın xərcləri minimuma endi. Bankomat buna görə banka lazımdır.”

Gələcəkdə bankomatların tamamilə ləğv olunması məsələsinə toxunan Ə.Həsənov hesab edir ki, bu, yalnız nağdsız ödənişlərin çoxaldığı ölkələrdə mümkündür:

“Banklar yalnız o zaman bankomatlardan imtina edər ki, nağdsız ödənişlərin sayı çoxalsın. Çində və bəzi ölkələrdə bu proses sürətlə gedir. Amma hələ də nağd pula ehtiyac var. Üstəlik, bankomatlar vasitəsilə vəsait hesabda yerləşdirilə və müəyyən əməliyyatlar aparıla bilir. Ona görə düşünürəm ki, bankomatlar hələ uzun illər, hətta onilliklər ərzində qalacaq.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*