Namaz qılan insanlar digərlərinə nisbətən koronavirusa daha az yoluxur? – AÇIQLAMAbackend

Namaz qılan insanlar digərlərinə nisbətən koronavirusa daha az yoluxur? - AÇIQLAMA

Son zamanlar koronavirus infeksiyasından ölüm hallarının artması bu ölümcül virusa yoluxmamaq üçün nə etməli olduğumuzu gündəmə gətirir. Cəmiyyət arasında isə namaz qılan insanların virusa çox az yoluxduğu haqda fikirlər dolaşır. Buna səbəb kimi isə, gündə 5 dəfə dəstəmaz ( ağız, burun, əl, üz su ilə yuyulur) alan insanın gigiyenik qaydalara daha çox əməl etməsi göstərilir. Bəs görəsən namaz qılan insanlar həqiqətənmi virusa daha az yoluxurlar?.

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Samid Bağırov deyir ki, şəriətə görə, hər bir insan gündə 5 dəfə namaz qılır: “Namazlar üçün alınan dəstəmazlar vaxtı ağız və buruna suyun alınaraq yaxalanması, koronavirus və digər bu kimi epidemiyaların yayılmasının qarşısını almaqda kömək edir. Həm dəstamaz, həm də qüsl alınması zamanı insan bədən üzvlərini su ilə yuyur. Bu zaman virusun yayıla biləcəyi əsas bədən üzvləri (ağız, burun, əl-üz) yaxalanır. Belə olan halda isə gigiyenik qaydalara gün ərzində daha çox əməl etmək, müəyyən mənada virusa yoluxmanın qarşısını ala bilər”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında həkim İlqar Hüseynov isə bildirib ki, ümumilikdə götürdükdə gigiyena qaydalarına əməl edilməsi və əllərin müntəzəm yuyulması koronavirusa yoluxmanın profilaktikasında mühüm rol oynayır: “Eyni zamanda dəstəmaz zamanı əl və üzün yuyulmasını da, bu profilaktikanın bir hissəsi hesab edə bilərik.

Doğrudur, namaz qılan insanlarda koronavirusa yoluxmanın digər şəxslərlə fərqliliyini sübut edən hər hansı bir mötəbər elmi araşdırma nəticəsi hələlik ki, yoxdur. Bununla belə, yuxarıda qeyd edilənləri nəzərə alsaq, dolayı yolla dəstəmazın yoluxmaya qarşı əhəmiyyətli təsiri haqda danışa bilərik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*