Namiq Qaraçuxurlunun konsertinə açıq olan stadion idmançıların üzünə niyə bağlıdır? – ŞİKAYƏT + VİDEObackend

Namiq Qaraçuxurlunun konsertinə açıq olan stadion idmançıların üzünə niyə bağlıdır? - ŞİKAYƏT + VİDEO

İctimai fəal Asif İbrahimov Quba Olimpiya Mərkəzinin stadionunda keçirilməsi nəzərdə tutulan futbol matçına maneələr yaradılmasından narazıdır.

Onun KONKRET.az-a ünvanladığı şikayətdə bildirilir ki, 30 iyul tarixində “İdman paytaxtı 2024” Quba şəhərinin eyniadlı komandası Bakının “Səbail” PFK-nın U-11 komandasını dəvət etdiyi yoldaşlıq görüşü Quba Olimpiya Mərkəzinin stadionunda baş tutmalı imiş. Lakin həmin oyunun adıçəkilən stadionda keçirilməsinə icazə verilməyib.

Şikayətçi yazır:

“30 iyul tarixində Quba şəhərinin “İdman Paytaxtı 2024” adlı kollektivi Bakının Səbail PFK-nın U-11 komandasını yoldaşlıq görüşünə dəvət edib. Lakin həmin qarşılaşmanın Quba Olimpiya Mərkəzinin stadionunda keçirilməsinə icazə verilməyib və bu səbəbdən də görüş Timiryazev adlanan, əyri zəminli, ot tayaları və mal peyinləri ilə dolu olan meydançada baş tutub. Bunun səbəbi ilə maraqlandıqda, Quba Olimpiya Mərkəzinin stadionunun konsert üçün nəzərdə tutulduğu və Namiq Qaraçuxurlunun konsertinə hazırlandığı bildirilib. Daha sonra isə öyrəndim ki, Quba Olimpiya stadionunda məşq və oyunlar ödənişli əsaslarla keçirilirmiş. Matçın reallaşdığı əyri-üyrü, mal peyinləri ilə dolu olan meydançada isə futbol oynamaq mümkün deyil”.

Mövzu ilə bağlı KONKRET.az Quba rayon İcra Hakimiyyətindən cavab almağa çalışıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rüstəm Məmmədov mövzu barədə məlumatı olmadığını deyib:

“Həmin ərəfədə məzuniyyətdə olmuşam, hazırda da məzuniyyətdəyəm. Bu barədə məlumatım yoxdur. Lakin hər hansı bir təşkilat hansısa məkanda tədbir keçirmək istəyirsə, bununla bağlı öncə Prezident Adminstrasiyasından yazılı razılıq almalıdır. Bu razılıq alındıqdan sonra Adminstrasiya bizə məlumat göndərir ki, filan təşkilat filan məkanda tədbir keçirmək istəyir. Biz də tədbirin keçirilməsinə şərait yaradırıq. Əgər belə bir razılıq yoxdursa, tədbirin keçirilməsi də mümkün olmur”.

Əməkdaşımız Quba RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova ilə də əlaqə saxlayıb. O isə məsələ ilə bağlı detallı məlumat verə bilməyəcəyini deyib.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*