Bir vaxtlar Münhen şəhərində “Münhen Beobachter” adlı kiçik qəzet fəaliyyət göstərirdi. Bu qəzet az tirajla çap olunsa da əsasən millətçiliyi təbliğ edirdi. 1920-ci ildə qəzetin redaksiyasının qapısını iki nəfər döydü. Onlardan birinin adı Ditrix Ekkart, digərinin adı isə Ernst Röhm idi. Qonaqlar qəzetin müştəriləri idi. Onlar qəzeti almaq üçün Bavariyadakı Reyxsverin baş komandanı, general-mayor Frans fon Eppin göndərdiyi 60 min marka müqabilində qəzeti satın aldılar və bundan sonra “Münhen Beobachter” NSDAP-ın partiya ruporuna çevrildi.
Fon Eppin qəzeti almaq üçün göndərdiyi 60 min marka o zaman ciddi məbləğ hesab olunurdu. Bu məbləğ ianələr hesabına formalaşmışdı. Frans fon Epp ordu büdcəsindən də bura maliyyə dəstəyi ayırmışdı. Əsas maliyyə dəstəkçiləri isə məşhur piano istehsalı şirkətinin sahibinin həyat yoldaşı Yelena Bekhstein və digər varlı iş adamları idi. Frans fon Epp öz cibindən bir marka belə xərcləməmişdi.
Bu, NSDAP-a qoyulan ilk sərmayələrdən biridir. Sonralar Adolf Hitlerin özü kiçik tirajlı qəzetdə Frans fon Eppin sayəsində kifayət qədər gəlir əldə etdi. 1920-ci ilin sonu – 1921-ci ilin əvvəlində o, artıq 120 min marka kredit götürmüşdü.
Yeri gəlmişkən, Hitlerin müəssisəsi uğurla inkişaf etdi. O, krediti cəmi bir ilə qaytardı. Bu, o vaxt üçün heç də pis nəticə deyildi.
Nəşriyyatı idarə edən Maks Amann Hitlerin cəbhə yoldaşı idi və o, bu nəşriyyatda çap etdirdiyi bütün kitablarına görə Fürerə qonorar ödəyirdi. Beləliklə, Hitler bu işdən xeyli gəlir əldə etdi.
Beləliklə, “Münhen Beobachter” nasistlərə investisiyanın ilk nümunəsidir. Daha sonra Milli Sosialist Partiyası gücləndikcə, vəsait axını artmağa başladı. Burada ən böyük rolu sonradan nasist liderləri arasında ən əhəmiyyətli fiqurlardan birinə çevrilən maliyyə dahisi Hjalmar Şhat adlı bir şəxs oynadı.
Hitlerin və o zaman partiyanın özəyini təşkil edən digər NSDAP üzvlərinin Almaniyanın maliyyə maqnatlarına, oliqarxlarına çıxış imkanı yox idi. Hjalmar Şhat bu mühitdə böyük hörmətə sahib idi və o, NASDAP-çıları maliyyə ilə təmin edə biləcək hər cür potensial donorlarla tanış etməyə başladı.1920-ci illərin sonunda, Nasist Partiyasının aktiv maliyyələşdirilməsinə başlayanda, yeddi bankirdən ibarət qrup formalaşdı. Yeddi bankir dəstəsinə Şhatdan başqa “Deutsche Bank” ın direktoru Emil Georg von Ştauss, Friedrix Flick, fon Şnitzel və digər böyük oliqarxlar daxil idilər.
Maraqlıdır, böyük alman pullarını idarə edən bu adamları nasistlərlə nə bağlayırdı? Alternativ çox sadə idi. Onlar nasistlər və kommunistlər arasında seçim etməliydilər. Onlar isə Hitlerin tutduğu yolla getməyi üstün bildilər. Onlara öz iqtisadi maraqlarını təmin etmək vacib idi, ona görə də onlarla Hitler və onun partiyası arasında müqavilə bağlandı. Həmin müqaviləyə görə onlar toxunulmazlıq aldılar. Eyni zamanda NASDAP onların qarşısında öhdəlik də qoydu: bankirlər Kiprdə villalar tikməkdən çəkinməli, futbol klubları almaqdan vaz keçməli və bütün iqtisadi-maliyyə potensiallarını Almaniyanın dirçəlişinə sərf etməliydilər.
Kifayət qədər ciddi motivasiya Reynland və Ruhun Almaniyanın metallurgiya mərkəzləri, tarlaları olmasında idi. Hitlerə bu və ya digər şəkildə bağlı olan sənayeçilərin bir çoxu metallurqlar idi və bu ərazilərin işğalı nəticəsində çox ciddi itkilər verdilər. Yeri gəlmişkən, 1920-ci illərin sonunda Ruhr Sindikatının təşəbbüsü ilə çıxarılan hər ton kömür üçün, NASDAP-a 5 və ya 7 pfenniq verilməsi barədə qərar qəbul edildi.
1923-cü ildən sonra, Tissen NSDAP-a bir milyon markadan çox sərmayə qoymuşdu. Bu o vaxt ağlasığmaz bir məbləğ idi. Versaldan sonra baş verənlərə etiraz olaraq Tissen nasist hərəkatına böyük həvəslə iri məbləğ verməyə başladı. 1928-ci ildə o, “Vereinigte Stahlwerke” polad konsernini qurdu və 1931-ci ildə NSDAP-a qoşuldu. 27 yanvar 1932-ci ildə Hitleri Düsseldorfda sənayeçilərin toplantısında çıxış etməyə dəvət edən Tissen idi. Bu, Almaniyanın siyasi arenasında artıq görkəmli siyasi xadim olan, lakin kansler olmasına hələ bir il qalmış Hitlerin ilk çıxışı idi. Hitler çıxışında çox vacib məsələyə toxundu. O, dünyaya hökmranlıq etməyə iddialı biri kimi deyil, Almaniya iqtisadiyyatını yüksəltmək istəyən vətənpərvər kimi çıxış etdi.
Tissen 1933-cü ildə korporativ dövlətin problemləri ilə məşğul olan instituta rəhbərlik etdi. 1935-ci ildə o, NASDAP-a şübhə ilə yanaşdı. 1938-ci ildə yəhudilərin təqibinə etiraz olaraq Prussiya Dövlət Şurasının üzvlüyündən istefa verdi. 1939-cu ildə isə Reyxstaqda müharibəyə başlamaq planlarına qarşı çıxdı. 28 dekabr 1939-cu ildə Almaniyanı tamamilə tərk edərək İsveçrədə məskunlaşdı.
Tissenin NASDAP-a yazdığı məktub böyük maraqla qarşılandı. Məktubda deyilirdi:“Mənim vicdanım təmizdir, özümü günahkar hiss etmirəm. Yeganə səhvim odur ki, mən sənə- Adolf Hitlerə və rəhbərlik etdiyin hərəkata inandım. 1923-cü ildən bəri çox böyük fədakarlıqlar etmişəm, bədbəxt alman xalqını xilas edəcəyimizə həmişə ümidlə baxmışam. Nasional-sosialistlər hakimiyyətə gələndə hadisələrin ilk gedişi bu inamı təsdiqlədi. Lakin zaman keçdikcə fəlakətli dəyişikliklər baş verdi”.
Tissen daha sonra yəhudilərin təqibindən danışır: “1938-ci il noyabrın 9-da yəhudilər ən qəddar şəkildə qarət ediləndə və işgəncələrə məruz qalanda, bütün Almaniyada sinaqoqlar dağıdılanda, mən yenə etiraz etdim. İyrəncliyə görə mən Dövlət müşaviri vəzifəsindən istefa verdim. Almaniyada mənasız qan tökülməsinə son verin. Almaniya sülh tapmaqla birliyini qoruyub saxlayacaq.”
İsveçrədən Fransaya səfəri zamanı Tissen həbs edilib və həyat yoldaşı ilə birlikdə konslagerə göndərilib. 1945-ci ilə qədər həbsdə qalıb. 1951-ci ildə Buenos-Ayresdə vəfat edib. Nürnberq məhkəmələrində Tissen müttəhimlər arasında olmayıb.
NASDAP-a pul ödəyən görkəmli fiqurlardan biri isə Fridrix Flik idi. Flik 1932-ci ildən sonra nasistlərə sərmayə qoymağa başlamışdı. O, Pol fon Hindenburqun prezident seçilməsi üçün az qala bir milyon marka xərcləmişdi. Müqayisə üçün bildirək ki, o, Hitler üçün cəmi 50 min markasından keçdi. Lakin növbəti il Flik NSDAP-a 120 min marka ayırdı. Eyni zamanda Milli Xalq Partiyasına daha 100 min marka xərclədi, çünki atlardan hansının birinci qaçacağını bilmirdi. Milli Xalq Partiyası o dövrdə Almaniyada millətçi partiyalardan biri idi. Bu, nasistlərdən sonra kiçik partiyaların ən ömdə gedəni idi. Flik bir çox oliqarx fiqurlar kimi bir neçə ata mərc edirdi. NSDAP güclənməyə başlayandan sonra o, bu partiyaya daha çox sərmayə qoymağa başladı. Bu, 1947-ci ildə Krupp və Tissen ilə birlikdə Hitlerə kömək etdiyinə görə mühakimə olunması ilə başa çatdı.
NASDAP-a ödəniş edən digər oliqarxın adı Qustav Krupp idi. Onun tam adı Qustav Krupp von Bohlen und Halbachdır. O, “Krupp” konserninin rəhbəri idi. 1920-ci illərdə Tissen Hitleri aktiv şəkildə maliyyələşdirəndə Krupp bu hərəkatın əleyhdarı idi və pul verməkdən imtina etmişdi. Lakin 20 fevral 1933-cü ildə Hitlerlə görüşdən sonra o, fikrini dəyişdi və bundan sonra NSDAP-a ödənişlər başlandı. Tezliklə Krupp Alman sənaye assosiasiyasının sədri oldu və maraqlı bir kombinasiya fikirləşdi. 1933-cü il mayın 29-da o, “Reichsbank”ın sədrinə yazırdı ki, bütün sənaye nümayəndələri mərkəzləşdirilmiş qaydada NSDAP-a fond yaratmaq üçün vəsait toplayacaqlar. Bu da xalq tərəfindən liderə minnətdarlıq ifadəsidir.
Tezliklə o, Adolf Hitler Fondunun prezidenti təyin edildi. Fondun nizamnaməsinə uyğun Alman işəgötürənlərinin bütün assosiasiyaları sənəd imzaladılar. Razılaşmaya görə, hər bir sahibkar öz gəlirinin müəyyən hissəsini ildə dörd dəfə fonda köçürməyə borclu idi.
Yeri gəlmişkən, Adolf Hitler fondu mədəniyyəti inkişaf etdirmək və əməkdar partiya üzvlərinin ehtiyaclarını azaltmaq üçün yaradılmışdı. Lakin “Hitler və pul” mövzusuna qayıdan fond Hitlerin şəxsi gəlirinin başqa bir mənbəyinə çevrildi. Fonda isə Martin Borman rəhbərlik edirdi.
Nasistlərin maliyyələşdirilməsində təkcə alman oliqarxları iştirak etməyib. Xarici şirkətlər də NASDAP-a iri pullar xərcləyib. Bu şirkətlər arasında “Ford”da var idi. Onları inandırmışdılar ki, almanlara investisiya qoymaq sonradan müəyyən dividendlər gətirə bilər. Amma Fordun özünün qızğın antisemit olması və müəyyən dərəcədə nasist partiyasının ideologiyası ona uyğun gəlirdi. O, asanlıqla Alman bazarına girməyi düşünürdü. Hitlərə milyonlar ödəyən daha bir xarici şirkət ingilis-laman müəssisəsi “Kontinental” idi. Bu kampaniyaya Niderlandın “Shell” şirkəti də qoşuldu. Dünyanı cənginə alan faşist ideologiyasının maliyyəçiləri özləri də bilmədən milyonlarla insanın ölümündə bir başa rol oynadılar.
Vəli Həsənoğlu,
KONKRET.az