NATO-nun 2-ci ordusunun Azərbaycanla təlimi düşməni düşünməyə vadar edir – Nəsib Məhəməliyev backend

NATO-nun 2-ci ordusunun Azərbaycanla təlimi düşməni düşünməyə vadar edir - Nəsib Məhəməliyev 

“Türkiyə ilə Azərbaycanın birgə keçirdiyi hərbi təlimlər, ilk növbədə Cənubi Qafqaz reqionunda baş verən hadisələrlə bağlıdır”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

Onun sözlərinə görə, indiyə qədər də hərbçilərimizin Türk Silahlı Qüvvələrinin ayrı-ayrı kiçik qrupları ilə birgə təlimləri olub:

“Lakin bu dəfəki təlimlər, kəmiyyət və keyfiyyət baxımından əvvəlkilərdən kəskin fərqlənir. Başqa bir tərəfdən, dolayısı ilə Yaxın Şərq, Afrikanın şimalında, Aralıq dənizində gedən proseslər və güclü dövlətlərin maraqlarının kəsişməsi Türk ordusunun daim güclənməsini, təkmilləşməsini zəruri edir. Heç kim üçün sirr deyil ki, İraqda, Suriyada, Liviyada müxtəlif tərəfləri dəstəkləyən qüvvələrin maraq dairəsinə bölgəmiz də daxildir. Mənfur düşmənimiz Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatlardan sonra dərhal KTMT-na müraciət etdi. Şimal qonşumuzun müdafiə nazirliyi bir çox hərbi dairələrdə, o cümlədən Ermənistanda dislokasiya olunmuş 102-ci bazada genişmiqyaslı təlimlərə başladı”.

Deputat qeyd edib ki, qardaş Türkiyənin, “Azərbaycanın yanındayam” bəyanatından sonra, iki ölkənin qoşunlarının birgə təlimlərə başlaması, real döyüş şəraitinə uyğun olaraq, coğrafi ərazinin öyrənilməsi, şəxsi heyətin fiziki, taktiki, psixoloji hazırlığının yoxlanılması, müxtəlif növ qoşun hissələrinin qarşılıqlı fəaliyyətinin təmin olunması baxımından olduqca əhəmiyyətlidir:

“Belə bir deyim var; “Sülh istəyirsənsə, hər an müharibəyə hazır olmalısan”. Son zamanlar Türk ordusunun əldə etdiyi qələbələr, ən müasir standartlara cavab verən milli silahların real döyüş şəraitində özünü təsdiq etməsi, Azərbaycanın gücünə güc qatır. Hesab edirəm ki, NATO-nun ikinci ordusunun, Milli Ordumuzla keçirdiyi təlimlərin çox böyük əhəmiyyəti olmaqla yanaşı, düşməni bir çox məsələlərdə düşünməyə vadar edir”.

Nəsib Məhəməliyev fikrini belə tamamlayıb:

“Güclü Azərbaycan, güclü Türkiyə deməkdir. Yaxud əksinə. İnanıram ki, yekun nəticədə torpaqlarımız işğaldan azad olunacaq. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana daxil olması xalqımızda çox böyük bir ruh yüksəkliyinə səbəb olmaqla bərabər tarixi hadisədir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*