“Alyans ölkələrinin hərbi qüvvələri Ukrayna ərazisində peyda olarsa, Rusiya ilə NATO arasında münaqişə qaçılmazdır”.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsinin mümkünlüyünü müzakirə etməyin özü yeni mövzudur.
Eyni zamanda, o, nəzərə çatdırıb ki, Qərb dövlətləri NATO ölkələrindən Ukraynaya kontingent göndərilməsi məsələsində konsensusa malik deyil:
“Parisdə baş tutan bu tədbirdə iştirak edən bir sıra ölkələr belə hərəkətin potensial təhlükələrini və qaynar münaqişəyə, artıq döyüş meydanında birbaşa cəlb olunmanın potensial təhlükələrini kifayət qədər ayıq qiymətləndirirlər”.
Fevralın 26-da Parisdə baş tutan sammit çərçivəsində Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya qoşun göndərilməsini istisna etməyib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib ki, NATO hərbçiləri muzdlular adı altında artıq Ukraynadakı münaqişədə iştirak edirlər.
Xatirə SADİQ,
KONKRET.az