backend

Navalnı Rusiyanın başağrısıdır: ABŞ “dişlərini qıcayıb” – Putin dövrü sona çatır?

“O, Rusiyaya dönən kimi həbs ediləcəyini bilməmiş deyildi”

“Navalnının dönüşünün Baydenin öz səlahiyyətlərinin icrasına başlaması ilə eyni vaxta təsadüf etməsi maraqlı məqamdır”

“Rusiyanın sıxışdırılması prosesinə start verilməsi barədə iddialar da məhz bundan sonra gündəmdə gəldi”

Moskvanın Simonovski məhkəməsi müxalif  bloqer Aleksey Navalnı barəsində yeni qərar qəbul edib. Rusiyaya geri dönərkən hava limanında saxlanılan və barəsində şərti cəza verilən Navalnı 3 il 5 ay müddətinə azadlıqdan məhrum olunub. Hakim Natalya Repnikova bildirib ki, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq.

Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Navalnının ailəsi 2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu külli miqdarda pul mənimsəməkdə və qarətdə ittiham olunurdu.

Bəzi mütəxəssislərin fikrincə, Navalnının həbsi ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də kritikləşdirə bilər. Maraqlıdır, müxalif siyasətçinin azadlıqdan məhrum edilməsi Rusiyaya nə vəd edəcək?

KONKRET.az xəbər verir ki, Sualımızı cavablandıran siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, “Navalnı qalmaqalı” Rusiya üçün müəyyən mənada, başağrısıdır:

“Onun həbsi beynəlxalq səviyyədə Rusiyaya qarşı qınaqların artmasına səbəb olub. Böyük ehtimalla bu qınaq kampaniyası yaxın vaxtlarda daha da artacaq. Çünki qalmaqaldan faydalanmaq istəyən beynəlxalq güclər kifayət qədərdir.Xüsusilə də, ABŞ və Böyük Britaniya “Navalnı qalmaqalı”ndan Rusiyanın beynəlxalq mövqelərini daha da zəiflətmək üçün istifadə etməyə çalışır.

Əslində, Aleksey Navalnı Rusiyaya dönərkən Kremlə beynəlxalq təzyiqlərin başlanacağı məlum idi. Çünki o, Rusiyaya dönən kimi həbs ediləcəyini bilməmiş deyildi. Hər halda, onun haqqında cinayət işinin başlandığını özü də bilirdi.

Ancaq buna baxmayaraq, geri dönməkdən qətiyyən çəkinmədi. Görünür, ona dönmək təlimatı və beynəlxalq müdafiə təminatı verilməsi barədə iddialar o qədər də əsassız deyil”.

Analitik söyləyib ki, Navalnının Rusiyaya dönüşünün məhz Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması ilə eyni vaxta təsadüf etməsi maraqlı məqamdır:

“Bunun bir təsadüf olduğunu düşünmək sadəlövhlük olardı. Ola bilsin ki, Bayden administrasiyasının fəaliyyətə başlaması ilə Rusiyanın sıxışdırılması prosesinə start verilməsi barədə iddialar bundan sonra gündəmdə əsas mövzulardan olacaq. Və bu prosesdə “Navalnı qalmaqalı” əsas faktorlardan birinə çevriləcək”.

E.Xalidbəylinin qənaətincə, “Navalnı qalmaqalı” ilə Rusiyada Putin hakimiyyətinin çıxılmaz vəziyyətə düşə biləcəyini iddia etmək hələlik çox tezdir:

“Ancaq bu qalmaqalın hər halda, ciddi problemlər yarada biləcəyi də qətiyyən istisna deyil. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyada Putin dövrünün sona çatmaqda olması barədə mülahizələr artmağa başlayıb. Xüsusilə də, Böyük Britaniya mətbuatı bu barədə müxtəlif ssenarilərə böyük həvəslə yer ayırır.

Halbuki belə ehtimallar Rusiya siyasi dairələrində də müzakirə edilməyə başlayıb. Buna misal olaraq, Kremlə yaxın politoloq Sergey Markovun bir müddət gündəmə gətirdiyi sensasiyalı iddiaları göstərmək olar. O, Qərbdə prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması üçün müxtəlif planlar qurulduğunu vurğulamışdı.

Onun fikrincə, ABŞ və Qərb Putinsiz Rusiya modelinə nail olmaq üçün əlindən gələn hər şeyi edəcək. Eyni zamanda, Sergey Markov qeyd etmişdi ki, ABŞ və Qərbin prezident V.Putinin hakimiyyətdən kənarlaşdırılmasına yönəlik cəhdləri sentyabr ayında özünün kuliminasiya nöqtəsinə çata bilər.

Göründüyü kimi, Rusiyada da belə bir təhlükənin real olduğuna ciddi yanaşanlar mövcuddur. Amma bütün bu iddiaların reallığa çevrilib-çevrilməyəcəyi hələlik müəyyən suallar doğurur.

Halbuki, Rusiya Xarici İşlər Nazirliyinin “ABŞ-dan daxili işlərimizə qarışmamağı tələb edirik” məzmunlu bəyanatı vəziyyətin ciddi olduğunu göstərir. Xüsusilə də, ABŞ-ın nəzarətində olan sosial şəbəkə platformalarının “Navalnı qalmaqalında”, eləcə də, kütləvi iğtişaşların təşkilində önəmli rol oynaması Rusiya üçün çətin dövrün başlandığını düşünməyə əsas verir.

Bütün bunları nəzərə aldıqda, A.Navalnı həbsdə qaldıqca, ABŞ və Qərbin əlində təzyiq faktoruna çevrilə biləcəyi qətiyyən istisna deyil. Bu həbsin Rusiya hansısa faydalarından danışmaq isə hazırda bir qədər çətindir.

Ona görə də, Rusiyada növbəti təlatümlü dövrün artıq başlandığını da düşünmək olar. Rusiyanın daxili dinamiklərinin buna necə reaksiya verib, müqavimət göstərməyə çalışacağını isə ən yaxın vaxtlarda görəcəyik”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*