Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir.
KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür:
“Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı – bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir”.
E.Əmrullayev bildirib ki, Azərbaycan qadını və qızlarının üzləşdiyi təhdid və təhlükəni düzgün başa düşmək lazımdır:
“Tədqiqatlar onu göstərir ki, anası ali təhsilli olan şagirdlərin ortalama nəticələri PISA-da 1.3 il təhsilli olmayan ailələrdə böyüdülən şagirdlərə nisbətdə daha yaxşı olur. Eyni zamanda sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır. Həmçinin uzun müddətli qızların təhsilinə yatırılan vəsaitin hər bir manatının geriyə dönüşü təxminən 20 % təşkil edir”.