“Azərbaycan təhsili adambaşına maliyyələşmə sisteminə keçid etməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Globalinfo.az-a sabiq təhsil naziri Misir Mərdanov son zamanlar direktorların rüşvət alması ilə bağlı yayılan səslərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda həm Maliyyə Nazirliyi, həm də Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atır:
“Vaxtilə pilot layihə kimi üç rayonda qeyd etdiyim sistemə keçid etmişdik. Yəni məktəblərin maliyyələşməsinə ayrılan vəsait ümumi şagird sayına uyğun hesablanmalı və məbləğ buna uyğun bölünməlidir. Fikrimcə, hər məktəbə şagirdin sayına görə pul ayrılmalıdır. Belə olduqda, maliyyə işi üçün Müşahidə Şurası yaradılmalı, qurumun şəffaf idarə edilməsi üçün valideynlərdən, regionun tanınmış şəxslərindən təyinatlar olmalıdır. O zaman məktəb direktoru da şagirdlərin sayını artırmaq üçün çalışacaq. Çünki bu, çox gəlir deməkdir”.
Misir Mərdanov bildirib ki, sözügedən sistem tətbiq olunarsa, müəllimlərin maaşı artar, texniki işlər həll edilər:
“Bu gün məktəb direktorunun hər hansı iş görməsi üçün kifayət qədər pulu olmur. Müəllim heyəti və direktor hökumətin verdiyi maaşla kifayətlənirlər. Məsələn, sabah bir şüşə sınsa, direktor onu təmir etdirməkdə çətinlik çəkəcək. Pul yoxdursa, bunu necə bərpa etməlidir? Bəzən məktəblərdə məcburiyyət qarşısında pul yığırlar. Söhbət rüşvət alıb özünə xərcləyənlərdən deyil, normal direktorlardan gedir. İşinin peşəkarı, təhsilə can yandıran direktorlar çarəsiz qalaraq, valideynlərdən 5-10 manat yığır ki, problemi həll edə bilsin. Düşünürəm ki, adambaşına pul ayrılarsa, hər şey qaydasına düşəcək. Maliyyə naziri bu sistemə keçid etməyə hazırlaşdığını deyib. Bizə gözləmək qalır”.