İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb. “Brent” markalı neftin bir barelinin qiyməti 4,28% bahalaşaraq 73,35 ABŞ dollarına yüksəlib.
Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.
Bəs, bu vəziyyət daxili bazarda qiymət artımı riski yarada bilərmi?
Mövzunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a şərh edib:
“Azərbaycan neft ixrac edən ölkədir və dünya bazarında neftin qiymətinin artması ölkənin büdcə gəlirlərinə müsbət təsir göstərir. Neftin bahalaşması ölkə daxilində qiymət artımına birbaşa təsir etmir”.
A.Nəsirli qeyd edib ki, Azərbaycanda qiymət artımları əsasən iqtisadiyyatın daxili strukturundan, xüsusilə də inhisarçılıq və rəqabətsizlikdən qaynaqlanır.
“Neftin qiymətinin yüksəlməsi ölkəyə əlavə maliyyə imkanları qazandırır. Amma bu, daxildəki inflyasiyanı izah etmir. Qiymət artımına təsir edən əsas amillər qalıcı və struktur xarakterlidir və dünya bazarındakı dəyişikliklərlə birbaşa əlaqəli deyil,” – iqtisadçı vurğulayıb.
O bildirib ki, ölkədə inhisarçılıq aradan qalxmadıqca və rəqabət formalaşmadıqca, qiymət artımı davamlı olacaq:
“Bu gün Azərbaycanda qiymətlər günbəgün, həftə və aylarla yüksəlir”.
Aynurə İsmayıl
KONKRET.az