Londonun ICE Futures birjasında oktyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,19% azalaraq bir barel üçün 67,94 dollardan aşağı düşüb.
KONKRET.az xəbər verir ki, bu, Brent markalı neftin iyulun 28-dən bəri ilk dəfə 68 dollardan ucuz satılması deməkdir.
Qiymətlərdəki enişin əsas səbəbi OPEC+ ölkələrinin hasilatı artırması və eyni zamanda bazarda tələbin zəifləməsi ilə bağlı siqnallardır.
Ötən həftəsonu Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxil olmaqla səkkiz OPEC+ ölkəsi əvvəlki könüllü hasilat məhdudiyyətlərinə əlavə olaraq kvotaları 547 min barel/gün artırmaq qərarına gəlib. Bu artım, əvvəlki aylara nəzərən daha sürətli və əvvəlcədən planlaşdırılmış templəri üstələyir.
ABŞ-dan gələn son iqtisadi statistikalar isə ölkədə iqtisadi aktivliyin zəiflədiyini göstərir. JPMorgan analitikləri xüsusilə işçi qüvvəsinə olan tələbin zəifləməsinin ABŞ-da resessiya riskini artırdığını qeyd edirlər. Eyni zamanda Çin hakimiyyəti iqtisadiyyata yeni stimullar tətbiq etməkdə tələsmir – Çin Kommunist Partiyasının iyul iclasında yeni dəstək tədbirləri elan edilməyib.
Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,65 dollar olub – bu da əvvəlki ticarət gününün bağlanış qiymətindən 0,11 dollar (0,16%) aşağıdır. Bazar ertəsi bu fyuçerslər 0,91 dollar (1,3%) ucuzlaşmışdı.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-York birjasında 0,13 dollar (0,20%) ucuzlaşaraq 66,16 dollar səviyyəsinə düşüb. Əvvəlki sessiyada isə bu qiymət 1,04 dollar (1,5%) azalmışdı.
ING analitiki Uorren Pattersona görə, əsas fundamental göstəricilər neft bazarında “ayı bazarı” (yəni qiymətlərin enməsi) dövrünün başladığını göstərir: “OPEC+ ölkələrinin hasilatı artırması ilin dördüncü rübündə təklifin artıq olmasına səbəb ola bilər”.
Bloomberg-in dərc etdiyi ekspert rəylərində isə qeyd olunur ki, bu ssenaridə əsas risk Rusiya nefti alan ölkələrə qarşı ikincili gömrük rüsumlarının tətbiq edilməsidir.
ABŞ-ın sabiq prezidenti Donald Tramp Hindistanın Rusiya nefti almasından narazılığını ifadə edərək bu ölkəyə qarşı gömrük rüsumlarını ciddi şəkildə artıracağını bəyan edib.
Phillip Nova şirkətinin analitiki Priyanka Saçdeva isə hesab edir ki, OPEC+ ölkələrinin hasilatı artırması Rusiya təchizatında mümkün itkilərin qarşısını almağa kömək edə bilər.
Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Azeri Light markalı neftin qiyməti 0,78 dollar və ya 1,09% azalaraq 70,59 dollar olub.
Bazarın sonunda Brent markalı neftin sentyabr fyuçersləri 70,84 dollar, Azərbaycan neftinin Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə qiyməti isə 0,78 dollar (1,11%) azalaraq 69,17 dollar olub.
Müşviq Tofiqoğlu
KONKRET.az