Neftin dünya bazarındakı qiyməti demək olar ki, hər gün dəyişir. Gah “qara qızıl”ın qiyməti yüksələn xətt üzrə inkişaf edir, gah da əksinə enmələr müşahidə olunur. Bəs görəsən neftin qiymətinin sürətlə dalğalanmasının səbəbi nədir və bu dalğalanmanın Azərbaycan iqtisadiyyatı üçün təsirləri və bunlardan çıxan nəticələr nələrdən ibarətdir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, neftin qiymətinin stabil qalmaması “qara qızıl”a olan tələb və təklifin dəyişməsindən aslıdır: “Dəyişmə həmişə var. Nə qədər ki, dünya siyasəti və iqtisadiyyatı stabil deyil, neftin təklifi və ona olan tələb də stabil olmayacaq və nəticədə qiymət dalğalanacaq. Tələbin məhdudlaşacağını proqnoz etmək olar. Belə ki, ABŞ-nin daraldıcı monetar siyasəti, Çində yenidən pandemiya səbəbi ilə məhdudlaşdırıcı tədbirlər və Avropada gedən müharibə iqtisadi inkişafı gözləniləndən aşağı edəcək. Habelə, neftin və qazın yüksək qiymətləri, habelə Rusiyadan asılılığı azaltmaq məqsədilə alternativ enerji mənbələrinə maraq artdı. Bunlar neftə tələbi aşağı salır.”
Ekspertin sözlərinə görə, Azərbaycan neft resurslarına strateji yanaşmalıdır: “Düzgün strategiya və çevik idarəetmə olan yerdə dalğalalanmalardan faydalanmaq da mümkündür. Təəssüf ki, hökumət qısa müddətli maraqlarla hərəkət edir. Strateji yanaşma ilk növbədə yerin altındakı neftdən uzun-müddətli perspektivdə maksimum dəyər əldə etmək deməkdir. Bu, neft qiymətləri yüksək olanda neft istehsalını artırmaq, aşağı olanda isə minimuma endirmək deməkdir. Hazırda bunun tərsi gedir. Neft qiyməti aşağı olanda ölkənin ÜDM statistikasını yaxşılatmaq kimi abstrakt hədəf naminə istehsalı artırırlar. Bu da uzun-müddətə toplam neft gəlirlərini aşağı salır.”
Ekspert əlavə etdi ki, neft gəlirlərinin idarə edilməsində digər qeyri-optimallıq onların toplandığı Neft Fondundadır. “Neft yerin altında daha çox dəyər qazanır. Onu istehsal edib pulunu Neft Fonduna qoymaq neftin dəyərini bilərəkdən itirimək deməkdir. Fondun neft gəlirlərinin idarə edilməsindən əldə etdiyi gəlir mənfi və ya 1% ətrafında, yəni inflyasiyadan xeyli aşağı olur. Yəni, Fondda saxlanan pul real qiymətlərdə davamlı olaraq hər il bir neçə faiz dəyər itirir. Sərvət idarə edən özəl şirkətlər bundan narahat olardılar, çünki pulu belə batırmaqla heç kim o şirkətə pulunu idarə etmək üçün verməz. Neft Fondu isə dövlətin istənilən halda neft pulunu idarə etmək üçün ona verəcəyindən arxayındır və başqa motivlərlə idarə olunmağı özünə rəva görə bilir”.
Elçin Rəşidov qeyd etdi ki, büdcə sistemində də neft qiymətində dalğalanmalara qısa-müddətli yanaşma mövcuddur: “Neft gəlirlərinin bir hissəsi Neft Fonduna girmədən vergi şəklində birbaşa büdcəyə köçürülür və bu yanlış mexanizmdir. O büdcəni neft qiymətlərindən həssas vəziyyətə salır: qiymət qalxanda profisit yaranır və ilin ortasında büdcəyə səmərəsiz əlavələr edilir. Büdcə yeni zərərli maddələrlər ilə dolur, öz uzunmüddətli sağlamlığını itirir və Neft Fondundan transferlərdən asılılığını artırır. İqtisadiyyatın isə holland xəstəliyi yeni gələn yersiz neft dollarları ilə daha da dərinləşir. Yəni, idxal daha rəqabətli olur və qeyri-neft sektoru öz rəqabət qabiliyyətini itirir və bu sektorda əməyin məhsuldarlığının ildən-ilə azalmasını, çox geridə qalmış ölkələrin səviyyəsinə düşdüyünü müşahidə edirik. Neftin qiyməti düşəndə isə büdcədə defisit yaranır və hansı layihənin pulunu kəsmək üzərində baş sındırmağa başlayırlar, bu da iqtisadi artıma və inkişaf layihələrinə strateji yanaşmanın qarşısını alır.”
Ekspert bu fikrinə sonda əlavə etdi ki. büdcə institutları məsələyə strateji yanaşmalı və indi etdiyinin tam tərsini etməlidirlər. “Neftin yüksək qiymətlərində neft şirkətləri daha çox investisiyalar yatırır və ölkədə iqtisadi aktivlik olur. Bu zaman. holland xəstəliyini azaltmaq üçün yaranmış fürsətdən istifadə edərək iqtisadiyyata neft dollarları daha az buraxılmalıdır. Neftin aşağı qiymətlərində isə neft şirkətləri investiyaları və işçi sayını azaldırlar və nəticədə iqtisadi aktivlik düşür. Bu zaman stabilliyi bərpa ermək üçün iqtisadiyyata indikinin əksinə olaraq daha çox neft pulları buraxılmalıdır. Hazırda büdcə institutları bunun tərsini edir, neft qiymətlərindəki dalğalanmaları iqtisadiyyata daşıyırlar. Bunun qısa-müddətli və uzun-müddətli zərərləri var. Amma hər şeydən əvvəl, bu dalğalanmalar iqtisadiyyatın bütün sahələri üçün risk yaradır. Risk məhz dalğalanmanın amplitudu və tezliyi ilə ölçülür, dövlətin də vəzifəsi ampitudu və tezliyi, yəni riskləri aşağı salmaq idi. Hazırda bunun əksi edilir və özəl sektor fəaliyyəti və investisiyalarlı üçün davamlı rikslər yaradılır.”
Müşviq Tofiqoğlu,
KONKRET.az