Sentyabrın 9-da Nepalı bürüyən kütləvi iğtişaşlardan sonra ən azı 7557 məhbus ölkə həbsxanalarından qaçıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin “Republica” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 13 islah müəssisəsindən məhbuslar qaçıblar. Qaçan cinayətkarların tutulması üçün ölkə üzrə hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin bölmələri yerləşdirilib. Səlahiyyətlilər vətəndaşları ehtiyatlı olmağa və hər hansı şübhəli hallar barədə məlumat verməyə çağırıblar.
Qeyd edək ki, Nepalda zorakılıqla müşayiət olunan küçə etirazları ötən həftə elan edilmiş sosial media qadağasından sonra başlayıb. Bir neçə gün davam edən və qan tökülməsi ilə nəticələnən etirazlardan sonra Baş nazir istefa verib.
25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı etirazlardan sonra sosial mediaya qoyulan qadağa ləğv edilib.
Xatırladaq ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.