ABŞ-nin keçmiş prezidenti Donald Tramp iddia edib ki, İsrail İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini öldürmək qərarından son anda vaz keçib və onun öldürülməsində iştirak etməyib.
KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, Benyamin Netanyahu Qasım Süleymaninin öldürülməsini nəzərdə tutan məxfi plandan olayın reallaşmasına iki gün qalmış imtina edib.
Amerikanın “Fox News” telekanalına danışan Tramp daha sonra deyib:
“ABŞ qüvvələri Süleymanini vuranda İsrail də bizlə birgə hərəkət etməli idi. Amma israillilər hücumdan iki gün əvvəl “bunu edə bilmərik” dedilər. Sonra öz generalımıza üz tutduq və onlardan “bunu edə bilərikmi?” deyə soruşduq? Cavab “bəli, bacararıq” oldu”.
Qeyd edək ki, Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində həlak olub və bu hücumdan sonra ABŞ və İran arasında gərginlik artıb.
Natiq Səlim,
KONKRET.az