Ermənilərin Qarabağdan kütləvi köçü Azərbaycana qarşı siyasi aksiyadır və bunun arxasında ciddi planlar gizlənir. Qarabağdan ermənilərin kütləvi köçünü təşkil etməklə Azərbaycanı etnik təmizləmədə ittiham etmək planları quran Ermənistanın bu istəyi baş tutmayıb.
Qarabağ ərazisində monitorinq keçirən BMT-nin müşahidə missiyası bölgədə etnik təmizləmə izləri aşkar etməyib. Üstəlik ABŞ Dövlət Departamentindən bildirilib ki, heç bir sübut olmadan etnik təmizləmədən söhbət gedə bilməz. Bununla da ermənilərin məsələni beynəlxalq ictimaiyyətə etnik təmizləmə kimi sırımaq cəhdi bir nəticə verməyib.
Məsələni KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, antiterror tədbirlərindən sonra erməni təbliğat maşını müxtəlif qarayaxma kampaniyalarını həyata keçirməyə başlayıb:
“Onların köməyinə çatan etnik təmizləmə terminidir və onu da dövriyyəyə buraxırlar. Bir vaxtlar Laçın yolu ilə bağlı “blokada” şousu, müxtəlif teatral səhnələr, quraşdırılmış ssenarilər işə düşürdüsə, indi etnik təmizləmə terminini əllərində bayraq ediblər. Etnik təmizləmə vətən müharibəsi dövründə də tez-tez eşidilən termin idi. Lakin əsil etnik təmizləməni görmək istəyirlərsə, birinci Qarabağ müharibəsinə nəzər salsınlar.
Bir miyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarını tərk etməsi məhz etnik təmizləmə idi. Bununla yanaşı ərazidə ekologiyaya ziyan vurulub, şəhərlər viran edilib və mədəniyyətimizin silinməsi prosesi gedib. Bu da mədəniyyətə qarşı olan vandal və barbar hərəkətlərdir. Hazırkı prosesləri isə etnik təmizləmə adlandırmaq siyasi naşılıqdır. Bu, erməni xislətindən irəli gələn baxışlar sistemini özündə əks etdirir. Çünki birgünlük aniterror tədbirlərində Azərbaycan yalnız legitim hərbi hədəfləri vurdu. Müasir, yeni nəsil silahlarla yalnız terrorçular zərərsizləşdirilirdi.
Onların mühəndis-istehkam qurğuları sıradan çıxarılırdı. Hətta yayılan video-kadrlardan da göründü ki, mülki avtomobil səngərə yaxınlaşır, hərbi obyektə tərəf istiqamət alır, ancaq Azərbaycan hərbçiləri atəş açmırlar. Bu da Azərbaycan Ordusunda humanist dəyərlərin ən yüksək həddə olduğundan xəbər verir.
Bununla belə Qarabağ ermənilərinin kütləvi köçü heç bir təzyiqlə, heç bir təhdidlə əlaqəli deyil. Bu, könüllü surətdə onlara verilən seçim imkanıdır. Bunu heç cür etnik təmizləmə kimi qiymətləndirmək olmaz. İndi onların qaçqın və ya məcburi köçkün adlandırılması prosesi də gedir. Onlar məcburi köçkün də adlandırıla bilməzlər, çünki məcburi köçkün dövlətin bir ərazisindən digər ərazisinə köçürülməsidir. Burada ermənilər Azərbaycan ərazisindən Ermənistana köçüblər və həmin insanların hamısı düşmən ölkənin pasportunu daşıyır.
Digər tərəfdən onlar heç vaxt müstəqil Azərbaycanın vətəndaşı olmayıblar. Deməli, onların qaçqın adlandırılması doğru deyil. Etnik təmizləmə ağır siyasi termin olduğu üçün ölkəmizə bu damğanı vurmağa çalışırlar. Qaçqın fikrini isə ona görə irəli sürürlər ki, çoxsaylı humanitar yardımlar alaraq onu mənimsəsinlər. Yenidən erməni xislətinin gedişləri müşahidə olunur.
Ona görə də BMT və ABŞ Qarabağda baş verən prosesləri etnik təmizləmə kimi qəbul etmir və heç bir sübut olmadığına görə etnik təmizləmə adlandırılmasının da mümkünsüzlüyü vurğulanır”.
Vəli Həsənov,
KONKRET.az