“New province”: “Müharibədəki qələbədən sonra Azərbaycanı çətin sınaq gözləyir”backend

"New province": "Müharibədəki qələbədən sonra Azərbaycanı çətin sınaq gözləyir"

Rusiya ilə İran arasında qərar tutmuş, Xəzər dənizində neftlə zəngin bir ölkə olan Azərbaycana gəldikdən sonra təyyarəmiz Heydər Əliyev Hava Limanına endi. Otelə gedərkən Azərbaycan paytaxtı Bakının ana arteriyası olan Heydər Əliyev prospekti boyunca, İngilis-İraq memarı Zaha Hadid tərəfindən inşa edilmiş Heydər Əliyev Muzeyinin yanından keçərək şəhərə daxil olduq… Bura Azərbaycan dövlətidir.

Mən sentyabr ayında Dağlıq Qarabağı geri almaq üçün təsirli bir kampaniyaya başlayan hökumətin dəvəti ilə buradayam. Bir hissəsi erməni icması olan Dağlıq Qarabağ 1990-cı illərin əvvəllərindən bəri separatçılar tərəfindən idarə olunur. 44 gün davam edən döyüşlərdə Azərbaycan Dağlıq Qarabağın bəzi ərazilərini və bitişik bölgələrini ələ keçirərək təxminən 30 il davam edən işğala son qoydu. Tarixən Dağlıq Qarabağda azərbaycanlılar ermənilərlə birgə yaşayıb.  Rusiyanın vasitəçiliyi ilə əldə  olunan atəşkəs razılaşması hər iki tərəfdən minlərlə əsgərin həyatına son qoyan amansız qarşıdurmaya son verdi.

Bakı indi misli görünməmiş bir dəstəyə sahibdir və ölkə milli qələbə sevincini yaşayır. “Qarabağ Azərbaycandır!” və ya “Zəfər bizimdir!” yazılmış plakatları Bakının istənilən  küçəsində görmək olar. Evlərin eyvanlarından Türkiyə və Azərbaycanın bağyraqları asılıb. Otağımdakı bir şüşə su belə mənə “qələbə dadı” vəd edir.

Bir neçə Fransız və İngilis jurnalistlə birlikdə məni azad edilmiş əraziləri gəzməyə və Azərbaycanın öz gücünü necə sübut etdiyini görməyə dəvət etdilər. Dağlıq Qarabağa gedən yol, mükəmməl düz, monoton mənzərədən ibarət dörd saatlıq bir yoldur.

II Dünya müharibəsi dövründə Azərbaycan bütün Sovet neftinin üçdə ikisini istehsal edirdi. Zaqafqaziya neft yataqlarını ələ keçirmək nasistlərin əsas hərbi vəzifəsi idi və Stalinin qoşunları onları böyük çətinliklə geri oturtmağı bacardı. Bu gün Xəzər neft yataqları bərabərsiz bölüşdürülsə də, Azərbaycanın möhtəşəm sərvətinin mənbəyidir. Onun sayəsində ölkə bir ay əvvəl Ermənistan üzərində sarsıdıcı bir qələbə ilə başa çatan genişmiqyaslı hərbi sənayeni maliyyələşdirir.

Türk sənaye qruplarından birinə görə, Azərbaycanın Türkiyədən hərbi satınalma xərcləri iyul-avqust ayları arasında 120 faiz artdı. Növbəti ayda isə silah alverinin həcmi yenidən iki dəfə artdı. 27 sentyabrda Ermənistanla döyüşlər başladı.

Əraziləri geri almaq Azərbaycan üçün bir çox cəhətdən asan oldu. Müharibə cəmi 44 gün çəkdi. İndi Azərbaycan insanları həm işğaldan azad olmuş ərazilərdə, həm də hələ də ermənilərin yaşadıqları ərazilərdə  məskunlaşdırmaqla  məşğuldur. “Azərbaycan Dağlıq Qarabağ ermənilərini öz vətəndaşları kimi tanıyır. Azərbaycanla birlikdə yaşamaq və Azərbaycan pasportu almaq istəyən insanlara bütün konstitusiya hüquqlarını verməyə hazırıq”, – deyə bizə bildirirlər. Ancaq bu çağırışlara ermənilərin neçə faizinin inandığını bilmirik.

Mətbuat səfərimiz medianın Azərbaycanın Dağlıq Qarabağdakı mədəni irsin qorunması səylərini işıqlandıracağı məqsədi ilə təşkil edildi. Bu məsələ Azərbaycanın beynəlxalq  imici üçün az əhəmiyyət kəsb etmir.

Bizi ilk olaraq Ağdama apardılar. Ağdam tarixən Dağlıq Qarabağda əksəriyyətinin azərbaycanlılar yaşamış olduğu bir şəhərdir. 1990-cı illərdə, erməni qoşunları şəhəri işğal edib və bütün əhali qaçqın düşüb. Bundan sonra şəhər ermənilər tərəfindən dağıdılıb. Günümüzə qədər qalan tək bina 1868-ci ildə inşa edilən gözəl şəhər məscididir. Minarədən tutqun bir dağıntı panoraması açılır. Yüzlərlə dağılan ev millərlə uzanıb gedir. Hökumət 1990-cı illərdən bəri qaçqın düşmüş insanların da bizimlə birgə səfərini təşkil  etdi. 1991-ci ildə öldürülən Hidayət Rüstəmovun anası və qardaşı onun portretini daşıyırlar. 27 ildən sonra ilk dəfə doğma kəndlərinə qayıtdıqlarını söyləyirlər. “Ətrafdakı hər şey məhv edildi. Ancaq yenə də burada olduğumuza görə çox xoşbəxtik. Bu günü hökumətimiz, hərbçilərimiz və Tanrı sayəsində gördük” -deyir 78 yaşlı şəhid anası Şəfiqə Rüstəmova.

Ağdam xarabazarlığı ilə tanışlıqdan sonra Bakıya dönürük. Qəribə burasındadır ki,  1990-cı illərin yaraları o qədər dərindir ki, ölkədə müharibə əleyhinə çağırışlar demək olar ki, eşidilmir. Hətta  müxalifət də müharibənin doğru yol olduğunu söyləyir. Jurnalist və beynəlxalq mükafatlar laureatı Xədicə İsmayılova ilə danışırıq. Hökumət onu illərlə qorxutdu, ancaq müharibə başlayandan bəri İsmayılova sanki  hökumətin mətbuat katibi vəzifəsində çalışır. Hər zaman tənqid etdiyi höküməti indi tərifləyir. Xarici jurnalist yoldaşlarımdan bəziləri onun qonağı olmaq üçün evinə getdi.

2015-ci ildə həbs olunan insan hüquqları üzrə vəkil Rəsul Cəfərov müharibə üsullarına etiraz edir, lakin məqsədi ilə razılaşır. “Dağlıq Qarabağ və ona bitişik bölgələrin  qaytarılması olmadan bölgədə sülhün yaradılması mümkün deyil”, – deyir. Ermənilərin Azərbaycan vətəndaşı kimi birgə yaşaya biləcəyini soruşduqda, o: “Buna müəyyən vaxt lazımdır”, – deyə cavab verdi.

Azərbaycan müharibədə qalib gəldi. Ancaq insanların dünyasını qazanmaq daha çətin olacaq. Yüz minlərlə azərbaycanlı qaçqın yenidən Dağlıq Qarabağa qayıtmaq istəyir. Ancaq o ərazilər hələ minalarla doludur. Ona görə də azərbaycanlı qaçqınların doğma yuvalarına qayıdacağı tarixi konkret olaraq heç kim demir.

Vətəndaşı hesab etdiyi ermənilərlə birgə yaşam tərzi zamanı Azərbaycanın qarşılaşacağı problemlər də böyükdür. Ən azı alovlandırılan otuz illik etnik nifrətin öhdəsindən gəlinməlidir. Burda təkcə beynəlxalq imicdən söhbət getmir. On minlərlə erməninin Azərbaycan hakimiyyətinə itmiş inamından söhbət gedir. Ona görə Azərbaycanı çətin sınaq gözləyir. Bu daha çox Azərbaycan hökumətinin işğaldan azad edilən, azərbaycanlıların yaşadığı ərazilərdə yaradılacaq həyat şəraitindən asılıdır. Ermənilər Azərbaycan hökumətinin öz vətəndaşına göstərdiyi diqqət və qayğıdan sonra bu ölkənin qanunları ilə yaşamaq istəyəcək.

Hakimiyyət bu gün ermənilərə qarşı hərbi cinayətlərdə şübhəli bilinən şəxsləri həbs etməyə başlayıb. Bu, bir qədər qəribə görünsə də, beynəlxalq aləmdə və ermənilər arasında rəğbətlə qarşılanıb. Ermənilərin Azərbaycan qanunları ilə yaşamaq istəyini zaman göstərəcək. Bunun üçün Azərbaycanın demokratikləşməlidir. Erməni inanmalıdır ki, onun azad seçmək və seçilmək hüququ təmin edilib. Hamı kimi ermənilər də  normal vətəndaş cəmiyyətində yaşamaq istəyəcək. Ona görə də Azərbaycan hökumətini çox böyük vəzifələr gözləyir. Azərbaycan  ərazi bütövlüyünü təmin etdi. Müharibədə tam qələbə qazandı. Amma qəti qələbə irəlidədir.

İdo Vock, “New province”, (Böyük Britaniya)

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*