Stepanakertə (Xankəndinə-red) – Dağlıq Qarabağa gedirik. Köhnə, tökülmüş mikroavtobus yamacdakı bir yoxlama məntəqəsində dayandıqda içəridəki bir Azərbaycan əsgəri buxarlanmış pəncərəsini silməyə başladı. Sonra bir neçə metr aralıda dayanan bir erməniyə nəzər saldı. Yalnız bir neçə gün əvvəl onlar şiddətli bir müharibədə cəbhə xəttinin əks tərəflərində idilər. Ancaq indi vəziyyəti rus sülhməramlısı idarə edir. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın mübahisəli əraziləri uğrunda gedən şiddətli müharibə rusların nəzarət etdiyi atəşkəslə əvəz olundu. Uzun müddət Qafqaz bölgəsində təxribatçı rolunu oynayan Rusiya bu dəfə başqa qiyafədə ortaya çıxdı. Sülhməramlı qiyafəsini ruslar ilk dəfə geyinsələr də, pis təsir bağışlamır. Əksinə bu cür görüntü Rusiya haqqında pozitiv gələcək də vəd edir. Yəni “Hər şeyin yaxşı olacaq”…
Yolumuza davam edirik. Dağlıq Qarabağın “paytaxtı” Stepanakertdə qalmağa üstünlük verən erməni, 67 yaşlı Svetlana Movsesyanla həmsöhbət oluruq: “Vladimir Vladimiroviç Putinə inanıram”, – deyir qoca erməni.
Ümumi konsensus budur ki, 30 il davam edən, Cənubi Qafqazda ən şiddətli döyüşlərə çevrilən və təkcə bu payızda bir neçə min insanın həyatına son qoyan müharibəni dayandırmağı bacaran Rusiya Prezidenti Putindir. Digər postsovet münaqişələrində, xüsusən Krımı ilhaq etdiyi, Gürcüstana və Ukraynaya hücum edərkən istifadə etdiyi “dəmir yumruq” taktikasından Rusiya ilk dəfədir ki, istifadə etmir. Cənubi Qafqaza bu dəfə Rusiya sülh təminatçısı kimi gəlir. Çünki Gürcüstanı və Ukraynanı Rusiyanın qatı düşmənlərinə çevirən dəmir yumruq taktikası artıq istənilən effekti və gözlənilən nəticələri vermədi. Kremlin yeni yanaşma üsulu Belarusda baş verən son iğtişaşlar zamanı da müşahidə olunur. Rusiya artıq vəziyyətə birbaşa müdaxilə etməkdən çəkinmək qərarına gəlib. Etirazçılara qarşı törətdiyi vəhşilik və belarusların artan qəzəbi Prezident Aleksandr Lukaşenkonu Moskvadan uzaqlaşdırır. Kreml Lukaşenkoya artıq əvvəlki münasibəti göstərmir. Rusiyanın yeni yanaşma üsulu bir qədər təəccüblü görünsə də, beynəlxalq aləmdə yavaş-yavaş təqdir edilir. Məsələn, Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında müstəsna rolu olan Putin müharibə edən düşərgələrin etibarını qazanmaqla həm də bölgədə davamlı sülhün təminatçısı kimi çıxış edir.
Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə müqaviləsi var. Ancaq Putin bunun Dağlıq Qarabağ üçün tətbiq olunmayacağını vurğuladı. Bu arada Rusiya prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə yaxın şəxsi əlaqələr saxlayır. Görünən odur ki, Rusiyanın bu strategiyası yaxşı nəticə verdi. Krem həm bölgədəki hərbi mövcudluğu təmin etdi, həm də Ermənistanla Azərbaycanı özündən narazı salmadan Rusiyanın təsir dairəsinə qaytardı. Rusiya hökuməti ilə əlaqəli bir araşdırma təşkilatı olan Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru Andrey Kortunov “Bu, klassik mənada bir barışıq rolunu oynamaq üçün gözəl fürsətdir. Ümid etmək istərdim ki, postsovet məkanında öyrəniləsi yeni bir proses və Rusiya strategiyasında dəyişikliklər görəceyik”, – deyə o bildirir.
10 noyabr müqaviləsində Dağlıq Qarabağın uzunmüddətli statusu barədə heç bir şey deyilmir. Rus sülhməramlılarının nəzarəti altında kəndlərinə qayıdan etnik ermənilər bölgədə Rusiyanın köməyi olmadan yaşamağı təsəvvür belə etmirlər: “Rusiyasız yaşaya bilmərik”.
Rusiyanın köməyi ilə Ermənistan 1990-cı illərin əvvəllərində müharibə yolu ilə Azərbaycan ərazisinin bir hissəsində nəzarəti ələ keçirdilər. Erməni qüvvələri, Dağlıq Qarabağa bitişik əraziləri də ələ keçirərək 800 mindən çox azərbaycanlını oradan didərgin saldı.
Dörddə bir əsrlik uğursuz diplomatik danışıqlardan sonra Azərbaycan 27 sentyabrda bu əraziləri zorla geri almaq üçün hücuma başladı. İsrail və Türkiyədə istehsal olunan müasir pilotsuz təyyarələr sayəsində əsas bölgələri sürətlə ələ keçirə bildi.
Noyabr ayının əvvəllərində Azərbaycan qoşunları dağın zirvəsində yerləşən Şuşa şəhərini ermənilərdən geri aldı. Və 9 noyabr tarixinə qədər təxminən 50 min erməninin yaşadığı Stepanakertə gedən yolu nəzarətə götürdü. Artıq Qarabağın mərkəzi olan Stepanakert şəhərinin alınması an məsələsi idi.
Məhz bu zaman Putin məsələlərə müdaxilə etdi. O gecə, Azərbaycan hərbçiləri təsadüfən Rusiya vertolyotunu vurdu və bu, ehtimal ki, Moskvanın müdaxiləsinə bəhanə oldu. Rusiya prezidenti Azərbaycana hərbi əməliyyatları dayandırmasa, Rusiya silahlı qüvvələrinin münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacağını dedi.
Elə həmin gecə atılan ballistik raket (onu atan naməlum qaldı) heç kimə zərər vermədən Bakıda açıq əraziyə düşdü. Bəziləri bunun Rusiyadan gələn bir siqnal olduğunu – müdaxilə etməyə hər an hazır olduğunu və çox ciddi zərər verə biləcəyi mesajı kimi qəbul edir.
Bir neçə saat sonra Putin sülh müqaviləsinin bağlandığını elan etdi. Əliyev televiziyaya çıxaraq bütün hərbi əməliyyatların dayandırıldığını və Azərbaycana sərf edən bir sülh anlaşmasına imza atdığını söylədi. Ermənistanın baş naziri Nikol Paşinyan başqa bir seçiminin olmadığını etiraf etdi. Çünki müharibəni davam etdirməyə artıq Ermənistanın gücü qalmamışdı.
Əliyev bu sülh müqaviləsini bir qələbə kimi təqdim etdi, çünki Azərbaycan Dağlıq Qarabağ ərazilərinin demək olar ki, hamısını geri qaytara bildi. Bununla yanaşı, o müəyyən bir güzəştə getməli oldu. Anlaşmaya əsasən 2000 rus sülhməramlısı Azərbaycan ərazisinə gələcəkdi. Bu, Rusiya üçün əsl strateji bir lütf idi. Çünki 28 il idi ki, Azərbaycan ərazisində rus əsgəri yox idi.
Bununla belə ruslar müəyyən bir riskə getdilər. Dünyanın ən çətin həll edilə bilən etnik münaqişələrindən birinin mərkəzinə düşdülər.
Azərbaycan Müdafiə Nazirliyində çalışan Azad İsazadə “Bu dəfə necə bitəcəyini bilmirəm, çünki Qafqazda Rusiya sülhməramlılarının olmasına dair yaxşı nümunələr yoxdur. Bunun necə sona çatacağından çox narahatam”, – deyə vurğulayır.
1990-cı ildə sovet tanklarının Bakının mərkəzi meydanında dinc nümayişçilərin üstündən keçməsini bütün azərbaycanlılar yaddaşlarında saxlayıblar. O vaxtdan bəri Rusiya hərbçiləri Qafqazın bir çox bölgəsindəki qarşıdurmalara dəfələrlə müdaxilə ediblər. Əksər hallarda özlərini sülhməramlı kimi göstərsələr də, daha çox təcavüzkar kimi görsəniblər. İndi ilk dəfə Rusiya sülhməramlı kimi Dağlıq Qarabağa gəlir. Amma bununla belə ruslar Qarabağın gələcək taleyində həlledici rol oynayacaq və bu bölgənin status məsələsi uzunmüddət Moskvanın istəyindən asılı olacaq.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyir ki: “Rusiya bizi əldən buraxmaq istəmir. Bu münaqişənin dondurulmuş vəziyyətini Moskva daha çox bəyənir”.
Buna baxmayaraq, Putinlə bu sövdələşmə açıq şəkildə Əliyevin xeyrinə işləyir. Çünki qarlı-şaxtalı qış başlamadan bir çox əraziləri Azərbaycan döyüşmədən və itki vermədən geri aldı.
“Carnegie” Avropa Mərkəzinin baş elmi işçisi Tomas de Vaal “Əliyevi sülhə razı salmağın çox vaxt apardığını düşünmürəm. Çünki təklif olunan şərtlər Bakıya sərf edirdi. Üstəlik Azərbaycan Rusiya ilə münasibətlərini qoruyub saxlamaqda maraqlı idi”.
Avropaya inteqrasiyanı xəyal edən bir çox erməni siyasətçiləri kimi Paşinyan üçünsə bu anlaşma hər şeyin sonu demək idi. Bu anlaşma əslində Ermənistanı əbədiyyən Rusiyanın təsiri altına saldı. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə bir çox ermənilər üçün barışmaz düşmən təsiri bağışlasa da, bu anlaşma Ankaranın Qafqaza gəlişinə də yol açdı. Türkiyənin Qafqaza gəlişi isə ermənilərin Rusiyadan dörd əllə yapışmasını zərurətə çevirdi.
10 noyabr müqaviləsində Dağlıq Qarabağın statusu barədə danışılmır. Ona görə də Rusiya sülhməramlılarının nəzarəti altında tədricən kəndlərinə və şəhərlərinə qayıdan etnik ermənilər bölgədə Rusiyanın təmin etdiyi sülhlə barışmaq zorundadırlar. İndi rus komandanlığının yerləşdiyi Stepanakertə gedən yolda etnik erməni 67 yaşlı Vladik Xaçaturyan Stepanakertdə yayılan şayiələrin ona ümid verdiyini söyləyir: “Deyirlər ki, tezliklə Rusiya pasportlarını alacağıq. Biz Rusiyasız yaşaya bilmərik”.
Stepanakert bazarının qarşı tərəfində Nvera Mikaelyanın otelinə gəlirik.Otelin bəzi otaqlarında son qonaqlarının şortları və dəsmalları hələ də asılqanda qalıb.
Bölgədəki digər etnik erməni Mikaelyan davamlı sülhə aparan yalnız bir yol gördüyünü söylədi: “Dağlıq Qarabağ Rusiya ərazisinin bir hissəsi olmalıdır. Bu fikir qeyri-real görünə bilər, lakin uzun illərdir həm Dağlıq Qarabağdakı, həm də Rusiyadakı siyasətçilər tərəfindən müzakirə olunur, baxmayaraq ki, Putin bu barədə heç danışmır”.
“Başqa nə etmək olar?”, – deyə Mikaelyan bizə sual edir. “Avropa Birliyi heç nə etmir. Amerikalılarınsa heç yadına düşmürük”.
“New York Times”qəzeti, 2 dekabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az