Azərbaycanla Ermənistan arasında davam edən 44 günlük müharibənin gedişi bu hərbi qarşıdurmanın nəticələri qədər dünya gündəmində qızğın müzakirə mövzusuna çevrilib. Azərbaycan Ordusunun seçdiyi hücum taktikası və dünyada ilk dəfə geniş miqyasda tətbiq etdiyi “dron döyüşü” nəinki region dövlətləri, hətta ABŞ və Rusiya kimi supergüclər tərəfindən də diqqətlə öyrənilir.
KONKRET.az “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının hərbi rəhbərliyi Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatları iştirakçılarının təcrübəsini diqqətlə öyrənir və yaxın gələcəkdə qeydə alınan yenilikləri istehsalatda tətbiq etmək barədə düşünür.
Qəzet yazır ki, “Azərbaycan Ordusunun Dağlıq Qarabağda hava hücumunda tətbiq etdiyi yeniliklər RF Müdafiə Nazirliyinin Konstruktor-Təcrübə Mərkəzi tərəfindən öyrənilib. Qeydə alınan yeniliklərin tətbiqi barədə qərar isə Hərbi Departamentdəki son müzakirələrin nəticələrindən sonra verilə bilər. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Federasiyası Müdafiə naziri Sergey Şoyqu Konstruktor-Təcrübə Mərkəzinin təklifləri əsasında ən müasir səviyyəli avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılacağına dair açıqlama verib: “Bu sistem qabiliyyət baxımından xarici analoqlardan geri qalmayacaq və bir sıra xüsusiyyətlərinə görə hətta onları üstələyəcək. Sistemin istifadəsi qoşunların idarəetməsini yaxşılaşdıracaq və döyüş effektivliyini artıracaq”.
Qəzet daha sonra yazır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyindəki mənbələr “Sozvezdie-2015″ konstruktor mərkəzindəki son canlanmanın səbəbinin Qarabağdakı hərbi əməliyyatların araşdırılması ilə əlaqəli olduğunu bildirib. Çünki Türkiyə və İsrail istehsalı olan PUA-larla Azərbaycan Ordusu nəinki ermənilərin zirehli texnikalarını və hərbi birləşmələrini döyüş meydanında məhv etdi, eyni zamanda gələcək müharibələr haqqında hər kəsdə dolğun təsəvvür yaratdı”.
Surxay Atakişiyev,
KONKRET.az