backend

"Nezavisimaya qazeta": "Yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi yoxdur. Bunlar Azərbaycan ərazisidir"

Moskva Azərbaycan və Ermənistanın maraqları balansını axtarır. Bunun üçün də rəsmi Moskva bütün variantları gözdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yeni məqalə dərc edib. Məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin VTB Kapital İnvestisiya Forumunun plenar iclasında Qarabağ müharibəsinin bitməsində və münaqişənin həlli üçün danışıqların davam etdirilməsində maraqlıdır. Rusiya liderinin fikrincə, Qarabağda uzunmüddətli bir nizamlanma üçün Azərbaycan və Ermənistan xalqlarının mənafelərinin tarazlığını tapmaq lazımdır.

“Dağlıq Qarabağdakı bu uzunmüddətli nizamlanma nədir və haradadır? Hər iki tərəfə uyğun maraqlar balansını taparkən – sarsılmaz hörmətlə yanaşdığımız Azərbaycan xalqının və  erməni xalqının maraqları nəzərə almaqdır… Oradakı insanlar özlərini təhlükəsiz hiss etməlidirlər. Və problem həll olunacağı təqdirdə bugünkü forumun bir çox iştirakçısının bu ərazilərin inkişafında iştirak etmək imkanı qazanacaq… Otuz ildir davam edən bu münaqişə hər iki tərəf üçün effektiv inkişaf imkanı vermir”, – deyə Putin əlavə edib.

“İlk mərhələdə döyüş əməliyyatlarını dayandırmaq, insanların ölümünü dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır .Minsk Qrupu həmsədrləri – Rusiya, ABŞ və Fransa tərəfindən və Minsk Qrupunun digər üzvlərinin iştirakı ilə hazırlanan təkliflər əsasında, Türkiyə və bir sıra Avropa dövlətləri də daxil olmaqla bunu etmək olar”, – deyə Putin bildirib.

Prezidentin  Ermənistanın işğal etdiyi “beş və daha iki bölgəni” Azərbaycana qaytarılmasının mümkünlüyündən də danışıb. “Əvvəlcə beş üstəgəl iki bölgə Azərbaycana qaytarılır, Qarabağ bölgəsi üçün müəyyən bir rejim müəyyən edilir, Ermənistanla qarşılıqlı əlaqələr və s. məsələlər öz həllini tapır”. O həmçinin, münaqişənin etnik qarşıdurmalarla başladığını və SSRİ rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün təsirli bir tədbir görmədiyini xatırlatdı.

“Ermənilər silah götürüb özləri etdilər. Yaxşı və ya pis etsələr də, hərəkətlərində etnik zəmində  mənfi fəsadlar oldu. Bu, Dağlıq Qarabağın özü və Azərbaycanın daha yeddi bölgəsinin Ermənistanın nəzarəti altına keçməsinə gətirib çıxardı. Yaxşı ya pis. Bəs Azərbaycan nə deyir? Hər halda, yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi yoxdur. Bunlar ilkin olaraq Azərbaycan əraziləridir. Azərbaycan deyir: bu əraziləri qaytarmaq hüququmuz var… Hər birinin öz həqiqəti var. Düyünü aşmaq çox çətin olduğu üçün burada asan həll yolları yoxdur”-Putin əlavə edib.

Bu arada, 29 oktyabrda İran Prezidentinin xüsusi elçisi, İran İslam Respublikası Xarici İşlər nazirinin müavini Abbas Arakçı münaqişənin həll planı ilə Bakıdan Moskvaya gəlib. İran mənbələri “Biz məsuliyyəti qəbul edirik və böhranın həllinə kömək edirik”, – deyib. Onun sözlərinə görə, Tehranın barışıq planının əsas məqsədi müharibələrə son qoymaq və münaqişənin həlli üçün danışıqları bərpa etməkdir. “İranın planının xüsusiyyəti regional yanaşmadır. Digər bir xüsusiyyət də realizmdir”, – deyə İran diplomatı əlavə edib. Nazir müavininin sözlərinə görə, ilk mərhələdə bölgə ölkələri tərəfindən işğala son qoyulması, ərazi bütövlüyünə hörmət, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı prinsipi, humanitar və azlıq hüquqlarına hörmət, mülki və obyektlərə hücumların qarşısının alınması kimi bir sıra prinsiplərə əməl edilməlidir. Qəzet daha sonra yazır ki, Abbas Arakçı ATƏT-in Minsk Qrupunun  “Dağlıq Qarabağ probleminin həllində təsirsiz” fəaliyyətini tənqid edib. “Minsk Qrupu 30 ildir qurulub, lakin problemin uzunmüddətli həllini tapa bilmir”, – deyə diplomat bildirib. Moskvadan sonra İranın xüsusi elçisi İrəvan və Ankaraya səfər etməyi planlaşdırır.

Görünən odur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnaçakanyan arasında oktyabrın 29-dan 30-dək Cenevrədəki görüşün təxirə salınması yeni vasitəçilərin aktivləşməsinə səbəb olub-deyə qəzet yazır.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*