Azərbaycan qazının Transadriatik (TAP) boru kəməri ilə Avropaya tədarükü başlandı. Yeni istifadəyə verilən boru kəməri təkcə “Şahdəniz” qazının Avropaya nəqlini həyata keçirməyəcək. Zəngin qaz ehtiyatlarına malik Türkmənistan, Qazaxıstan və Özbəkistan da Avropanın bu nəhəng enerji dəhlizinə qoşulmaq istəyir. SOCAR, BP və İtaliyanın “Snam” kimi nəhəng şirkətlərini bir arada birləşdirən TAP konsorsiumuna məxsus boru kəməri 878 km uzunluğa malikdir. Layihənin reallaşmasına təxminən 5 milyard dollar sərmayə qoyulub. 3.9 milyard avroluq (4.8 milyard dollar) maliyyələşdirmə paketinə Avropa bankları ilə yanaşı, Yaponiya, Cənubi Koreya və Çin bankları da qatılıb. TAP, Yunanistan-Türkiyə sərhədindən İtaliyanın cənubundakı qəbul terminalına qədər uzanır.
Üç qaz boru kəməri – Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatiki (TAP) birləşdirən Cənubi Qaz Dəhlizinin (SGC) bir hissəsini təşkil etməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ərazilərindən keçir. Ümumilikdə, 3500 km uzunluğundakı layihə Xəzər dənizindəki Şahdəniz qaz yatağının işlənməsi də daxil olmaqla təxminən 40 milyard dollara başa gəlib. Bu kəmər artıq Avropaya alternativ qaz tədarükü mənbəyinə çevrilir. TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr qaz olacaq. Yaxın illərdə isə bu imkan 20 milyard kubmetrə qədər genişlənəcək. Avropa Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Vargeyi 18 dekabrda bildirib ki, “Bu il Cənub Qaz Dəhlizinin tamamlanmasında əldə olunan mühüm irəliləyişə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılmasını araşdırırıq.”
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə qeyd edib ki, əlavə qaz kompressor stansiyaları tikməklə Cənub Qaz Dəhlizinin gücünü daha da artırmaq mümkündür. Azərbaycan şirkəti gələn il Fransanın “Total” şirkəti ilə birgə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan qaz hasilatına başlamağı planlaşdırır. Abşeron kimi Xəzər dənizindəki bu qaz yataqlarından da tədarük artırılacaq. Yaponiya “Itochu” və “Inpex” şirkətləri də Azərbaycandakı layihələrdə yaxından iştirak edir.
Bununla birlikdə, yeni qaz dəhlizinin potensialından tam istifadə etmək üçün Orta Asiya və Şərqi Aralıq dənizi ölkələri kimi digər bölgələrdən olan nümayəndələrin iştirak etməsi lazımdır. Türkmənistanla Azərbaycanı birləşdirəcək yeni boru kəməri ilə bağlı danışıqlar on illərdir davam edir. Lakin Xəzərdəki hüquqi mübahisələr səbəbindən bu mümkün deyildi. Nəhayət, 2018-ci ildə Xəzəryanı dövlətlərin liderləri Xəzərin hüquqi statusu haqqında konvensiya imzalayıblar. “Beş Xəzər dövləti nəhayət 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında konvensiyanı imzaladığından, Xəzər dənizində bu yeni dəhlizə birləşdirən yeni boru kəmərlərinin çəkilməsi üçün heç bir maneə qalmayıb”, – deyə Elşad Nəsirov bildirib. O əlavə edib ki, Konvensiyanın imzalanmasından sonra müstəqil sualtı boru kəmərləri layihələrinin başlanması üçün müstəqil ətraf mühit araşdırması ilə bağlı hesabat yetərli olacaq. Elşən Nəsirov bildirib ki: “Türkmənistan və Qazaxıstan kimi sahil dövlətləri, hətta Özbəkistan da bazarlara çıxmaq üçün fürsətlər gözləyirdi. Nəticədə bölgədən gələn qazın həcmi yaxın illərdə daha da artacaq”. Nəzərə alaq ki, Türkmənistan Azərbaycandan cəmi 300 km məsafədə yerləşir”.
E.Nəsirov Misir, İsrail və Kipr kimi ölkələrin ərazilərində aşkar edilmiş qaz yataqlarından yeni bir cənub dəhlizi ilə Türkiyə ərazisindən Avropa bazarlarına mümkün tədarükünü də məmnuniyyətlə qarşılayıb. Ancaq Nəsirovun bəhs etdiyi ölkələrin bəziləri Aralıq dənizindəki ərazi fərqliliyinə görə hal-hazırda Türkiyə ilə fikir ayrılığı yaşayır.
Beləliklə, İsrail, Kipr və Yunanıstan Türkiyədən yan keçərək birbaşa Avropaya boru kəməri çəkmək niyyətindədir. Nəsirovun fikrincə, iqtisadi baxımdan bu məqsədəuyğun deyil: “Mövcud qaz qiymətləri və tələb olunan investisiya həcmi nəzərə alsaq, Şərqi Aralıq dənizi qaz kəməri layihəsi son istehlakçılar üçün uyğun görünmür”. Ancaq Trans-Adriatik boru kəmərinin-TAP-ın Cənubi Avropa və Balkanlara qaz tədarükü yollarının şaxələndirilməsində kömək edəcəyi şübhəsizdir.
“Nihon Keizai”, Yaponiya.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az