“Rusiya Qafanda konsulluq açmağı planlaşdırır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov yerli mətbuata müsahibəsində deyib. Region dövlətlərinin Zəngəzura bu qədər maraq göstərməsi isə geosiyasi hadisələrlə bağlıdır. Eyni zamanda, Qafanda da konsulluğun açılması Ermənistan daxilində anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi fonunda baş verir. Görünür, yeni diplomatik nümayəndəliyin açılmasının Zəngəzur dəhlizi ilə birbaşa bağlılığı var.
Bəs rusiyalı politoloqlar vəziyyəti necə qiymətləndirir? Niyə Moskva Gümrüdəki Baş Konsulluqdan əlavə Qafanda da konsulluq açmağa qərar verdi?
Rusiyalı politoloq, “Arxont” jurnalının baş redaktoru, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti Anton Bredixinin fikrincə, Rusiya Ermənistanda yeni baş konsulluq açırsa, deməli, buna tələbat var: “Ermənistan ərazisində olan Rusiya vətəndaşlarından bununla bağlı müraciətlər olur. Bunlar Rusiyadan köçənlər deyil, dövlətimizin müəyyən tapşırıqlarını yerinə yetirən, xüsusən də regionun iqtisadi inkişafında, humanitar missiyalarda, nəqliyyat magistrallarının tikintisində iştirak edən insanlardır. Paşinyanın rusofob vektorunu necə təşkil etməsindən asılı olmayaraq, Rusiya açıq şəkildə bəyan edir ki, Ermənistanı tərk etməyəcək”. Politoloqun fikirincə, Rusiya Ermənistanda hərbi mövcudluğunu azaltmaq niyyətində deyil, əksinə, onu genişləndirəcək. Və belə bir addım Ermənistanda hər kəsə siqnal olmalıdır: “Beləliklə, hesab edirəm ki, Qafandakı Baş Konsulluqdan əlavə, bu sahədə digər əlaqəli layihələr də həyata keçiriləcək. Hələ qarşıda daha çox məsələ var. Düşünürəm ki, 2024-cü ildə biz Rusiyanın xarici siyasətində maraqlı manevrlər görəcəyik”.
“Qafan şəhərində açılacaq konsulluq Rusiya – Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək”. Bunu rusiyalı digər politoloq, “PolitRUS” analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib. Onun sözlərinə görə, bu, regionda vəziyyətin sabitləşdirilməsi, eləcə də mədəni-humanitar, ticarət-iqtisadi və regionlararası əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu, sırf protokol ifadələri deyil, əslində gündəmdə olan məqsəd və vəzifələrdir: “Rusiyanın Ermənistanda əlavə baş konsulluğunun açılması barədə qərar Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında şəxsi görüş zamanı qəbul edilib. İndi Moskva ilə İrəvan arasında müəyyən məsələlərdə fikir ayrılığı olsa da, Paşinyan qırmızı xətti gözləyir və şəxsən Putinlə müzakirə olunanları həyata keçirməyə çalışır”. Onun fikrincə, Qafanda yeni baş konsulluğun açılmasının bir neçə səbəbi var:
“Bu həm də qondarma qurumların nümayəndələrinin fəallığının xeyli artmasıdır. ABŞ və Fransa erməni cəmiyyətində süni rusofobiyanın yaradılmasını təşviq edir. Onların fəallığı Ermənistanın cənubunda da nəzərə çarpır. Bu da təsadüfi deyil. Qərb dövlətləri Ermənistanı İrana qarşı hərbi əməliyyat üçün tramplin kimi görür. Hazırda bu qüvvələrin Ermənistan ərazisindən istifadə edərək, Rusiya ilə İran arasında konfidensial tərəfdaşlığı pozması vacibdir. Fransanın Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqələrini bərpa etmək planlarının qarşısını almaq üçün səyləri də göz qabağındadır. Paris başa düşür ki, bu həm Azərbaycan və Türkiyənin mövqelərini gücləndirəcək, həm də Şimal-Cənub multimodal beynəlxalq nəqliyyat dəhlizinin əlavə “qolu” üçün platforma yaradacaq. Həmçinin, Ermənistan iqtisadiyyatına əlavə ciddi imkanlar verəcək və onun asılılığını azaldacaq”.
V.Arkov bildirib ki, hətta Yelisey sarayının diqtəsi ilə də rəsmi İrəvan bu dəhlizdən formal olaraq imtina etmir: “Hələlik biz üç tərəfin əvvəllər əldə etdiyi və imzaladığı razılaşmalara əsaslanırıq. Ona əsasən müzakirə olunan dəhliz Rusiyanın dəstəyi ilə fəaliyyət göstərəcək ki, bu da Ermənistan cəmiyyətində qeyri-sabitlik şəraitində artıq hərəkətlərin qarşısını almağa imkan verəcək. Bu baxımdan Zəngəzur bölgəsində Rusiyanın daha bir Baş Konsulluğunun yaranması başadüşüləndir və məntiqlidir. Eləcə də dəhlizin təhlükəsizliyini təmin edəcək Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının orada yerləşdirilməsi nəzərdən keçirilir. Bu həm də üçüncü tərəfin təxribatının qarşısını almağa hesablanıb. Rusiya kəşfiyyatının məlumatına görə, Fransa və ya ABŞ-ın kəşfiyyat xidmətləri Cənubi Qafqazda vəziyyəti yenidən destabilləşdirmək üçün məqam gözləyir”.
Vəli Həsənov,
KONKRET.az