Niyə əvvəlki kimi şedevr əsərlər bəstələnmir? – Faiq Sücəddinovdan AÇIQLAMAbackend

Niyə əvvəlki kimi şedevr əsərlər bəstələnmir? - Faiq Sücəddinovdan AÇIQLAMA

Vaxtilə dahi Azərbaycan bəstəkarlarının bəstələdiyi mahnılar bu gün də hər kəs tərəfindən sevilərək dinlənilir. Təəssüf ki, son dövrlərdə Azərbaycanda musiqi sahəsində ciddi boşluq var. Bəstələnən mahnılar isə hər kəsin zövqünə xitab etmir.

Bəs görəsən, musiqi dünyamızda yaranan bu boşluq nədən qaynaqlanır? Niyə əvvəlki kimi şedevr əsərlər bəstələnmir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tanınmış bəstəkar Faiq Sücəddinov cavablandırıb.

O bildirib ki, pandemiya bütün dünyada incəsənət aləminə mənfi təsir edib:

“Son dövrlərdə mən Azərbaycanın Zəfər Gününə həsr olunan “Zəfər” simfonik poemasını yazmışam. Həmin poema noyabrın 8-də və 9-da İctimai Televiziyanın efirində səsləndirildi. Yay aylarında isə “Zəfər” simfonik poeması Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada səsləndiriləcək. Düzdür, pandemiya ilə bağlı olaraq musiqi sahəsində çöküş yaşandı. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada hiss olundu. Sərt karantin rejimi mədəniyyət və incəsənət dünyasına ağır zərbə vurdu. Konsertlər tamamilə ləğv olundu. İndi bu sahədə yenidən canlanma müşahidə olunur. Növbəti ayın 3-də Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün konsert təşkil olunacaq. Mən də o konsertdə iştirak edəcəm. Yəni, zəif də olsa, bu sahədə canlanma var. Sadəcə olaraq yenilikləri izləmək lazımdır”.

Bəstəkar son dövrlərdə bəstələnən mahnıların onu da qane etmədiyini söylədi:

“Mahnı janrına gəldikdə isə hər birimizin evində televiziya kanalları izlənilir. Yazılan mahnıları hər kəs eşidir. Lakin son dövrlərdə bəstələnən mahnılar əksər insanı qane etmir, o cümlədən, məni də. Mən, ümumiyyətlə, televiziya kanallarını izləmirəm. Yəni, yaxşı mahnı yox səviyyəsindədir. İncəsənət spesifik sahədir. Mahnı çörək, süd, yaxud meyvə deyil ki, ona böyük tələbat olsun. İndi kim nəyi istəyir, “Yutub”dan dinləyir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*