Niyə ruslar Türkiyədə daha çox mənzil alırlar? – Çin mediasıbackend

Niyə ruslar Türkiyədə daha çox mənzil alırlar? – Çin mediası

Türkiyə ruslar arasında çox məşhur bir ölkədir. Yalnız tətil edə biləcəkləri bir yer kimi deyil. İlk dəfə olaraq ruslar Türkiyənin daşınmaz əmlakında ən fəal alıcı olublar.

KONKRET.az xəbər verir ki, Çinin “Sohu” nəşri bu haqda araşdırma aparıb.

Nəşr bunun səbəbini yumşaq iqlim və dənizlə əlaqələndirmir.

Ruslar Türkiyədə daşınmaz əmlakın ən fəal xarici alıcıları siyahısında ilk beşliyə daxildir. Türk Statistika İdarəsinin (TurkStat) məlumatına görə, ötən il Türkiyədə təxminən 1,35 milyon ev satılıb. Bunun 45 mini xaricilərin payına düşüb. Bu da əvvəlki illərə nisbətən 14,7% çoxdur.

Ruslar ilk dəfə Türkiyədə daha çox daşınmaz əmlak alanların cərgəsinə qoşulub. 2019-cu ildə ruslar 2893 dəfə daşınmaz əmlak alğı-satqı müqaviləsi bağlayıb. Onları yalnız iraqlılar (7596) və iranlılar (5423) qabaqlayıb.

Daşınmaz əmlak üzrə ekspertlər bunu münasib qiymətlərlə əlaqələndirirlər. Devalvasiya bir çox rusiyalılara rahat şəkildə daşınmaz əmlak almağa imkan verir.

Prian.ru saytının daşınmaz əmlak üzrə analitiki Anastasiya Faleyin sözlərinə görə, ruslar adətən bir kvadrat metri 1000 dollardan aşağı olan və dəniz sahilində yerləşən mənzillər seçirlər.

O, bu haqda “Al-Monitor” nəşrinə belə deyib:

“Bu pulla onlar keyfiyyətli hovuzu, idman zalı və uşaq oyun meydançası olan yeni kompleksdə yaşayış əldə edə bilirlər. Türkiyədə yeni tikililər Rusiyadakından çox fərqlənir. Əlbəttə, rahatlıq rusiyalı alıcıları çox cəlb edir. Bundan başqa, Türkiyədə nisbətən aşağı qiymətə evlər də mövcuddur”.

Rusiyalıları Türkiyənin isti və mülayim iqlimi cəlb edir. Onlar hesab edirlər ki, dəniz mövsümü Türkiyə kurortlarında may-noyabr aylarında davam edə bilir. Türkiyənin iqlimi hər il milyonlarla rusiyalı turisti cəlb edir, ona görə də burada daşınmaz əmlak almaq qərarı məntiqlidir. Ən əsası odur ki, ruslara Türkiyəni ziyarət etmək üçün viza tələb olunmur. Bundan əlavə, həmişə bir çox Rusiya şəhərlərindən Türkiyəyə ucuz uçuşlar mövcuddur.

Türkiyə Rusiya turizminin əsas istiqamətlərindən biridir. Ötən ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərində hər iki ölkə 2019-cu ili “Turizm ili” elan edib.

Türkiyə KİV-in məlumatına görə, ölkə rekord sayda turisti 2019-cu ildə cəlb edib. 51 milyondan çox xarici turist Türkiyəyə səfər edib və onların arasında Rusiya turistləri birinci yeri tutur (7 milyon).

Rusiyalılar ev və mənzilləri Antalya və Alanya şəhərlərində, Aralıq dənizi sahilində alırlar. Böyük şəhərlər rusiya alıcıları arasında heç də məşhur deyil. İstanbul və ya Bursada isə daşınmaz əmlakları digər xarici alıcılar əldə edirlər.

Faleyin sözlərinə görə, rusiyalı alıcılarının yaşı 35-50 il arasındadır:

“Ən çox uşaqları olan ailələrdir. Onlar adətən Rusiyanın böyük şəhərlərinin sakinləridir. Bu rusiyalı müştərilər hesab edirlər ki, Türkiyədə öz uşaqları və qohumları ilə yay mövsümünü keçirmək üçün ev almaq lazımdır”.

İqor və Yelena otuz yaşındadırlar və keçən il Moskvadan Türkiyəyə köçüblər. Onların hər ikisi informasiya texnologiyaları sahəsində işləyirlər və gələcəkdə Türkiyədə daimi iş tapmağı planlaşdırırlar.

“Hazırda Alaniyada dördotaqlı mənzil kirayələyirik”, — deyə cütlük bildirib. – Amma biz hesab edirik ki, gələn il mənzil və ya ev almaq lazımdır. Türkiyədə bütün il boyu isti və xoş iqlim var. Dadlı yeməklər və təzə meyvə-tərəvəzi olan gözəl bir ölkədir”.

Bir çox rus iş adamları Türk pasportlarını almaq istəyirlər. Henley & Partners şirkətinin PR meneceri Polina Kuleşova deyir ki, Türkiyə vətəndaşlığının iki əsas üstünlüyü var. Türkiyə pasportları Yaponiya və Sinqapura vizasız girişi təmin edir, buna görə də Asiya bazarına çıxmaq istəyən rus iş adamları Türkiyə vətəndaşlığına maraq göstərə bilərlər. Türkiyə vətəndaşlığı ABŞ-ın e-2 investor vizası almağa imkan verir ki, bu da öz növbəsində ABŞ vətəndaşlığının alınmasına gətirib çıxara bilər.

Əvvəlcə ruslar İspaniya, Bolqarıstan və ya İtaliyada ev almağa üstünlük verirdilər. Lakin Avropada daşınmaz əmlaka maraq azalır, Türkiyəyə isə artıb.

Bu haqda “Forbes” nəşri də informasiya yayaraq bildirib ki, rusiyalıların ispan daşınmaz əmlakına maraqları əhəmiyyətli dərəcədə azalıb.

Daşınmaz əmlak üzrə ekspertlər deyirlər ki, 2015-ci ilin noyabrında bir çox ruslar Türkiyədə mənzil almaq planlarını ertələmişdilər. İndi Rusiya-Türkiyə münasibətlərinin normallaşması ilə onların bir çoxu yenidən Türkiyəni seçir.

Bununla yanaşı, iki ölkə arasında artan siyasi gərginlik, xüsusilə də Suriyanın İdlib əyaləti ilə bağlı problem rusiyalı investorları və mənzil sahiblərini seçimlərinin düzgün olub-olmaması haqda düşünməyə vadar edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*